Britaniyalı səyyah Karl Buşbi (Karl Bushby) 28 il davam edən dünya səyahətini başa vuraraq doğma şəhərinə qayıdıb.
57 yaşlı səyyah 1998-ci ildə Çilinin cənubundakı Punta-Arenas şəhərindən yola çıxaraq İngiltərəyə qədər piyada getməyi qarşısına məqsəd qoyub.
Buşbinin səyahəti dörd qitəni və 30 ölkəni əhatə edib.
O, təxminən 50 min kilometr məsafə qət edərək yol boyunca müxtəlif çətinliklərlə üzləşib. Səyyahın əsas qaydası yolunu davam etdirmək üçün heç bir nəqliyyat vasitəsindən istifadə etməmək və səyahətini başa vurmadan evə qayıtmamaq olub.
Onun macərası zamanı ən çətin mərhələlərdən biri Alyaska ilə Rusiya arasındakı Berinq boğazını buzların üzərindən keçməsi olub. Buşbi, həmçinin Xəzər dənizini və La-Manş boğazını üzərək keçib.
Səyyahın yolunu Rusiya ilə bağlı viza problemləri, hava şəraiti və digər maneələr dəfələrlə ləngidib. Xüsusilə Rusiyadan keçid üçün icazə almaq prosesi onun səyahətini illərlə uzadıb.
Nəhayət, noyabrın 2-də İngiltərənin Hull şəhərinə çatan Buşbi əvvəlcə şəhər sakinləri tərəfindən böyük coşqu ilə qarşılanıb. Daha sonra isə 28 il əvvəl ayrıldığı anası Angela ilə görüşüb.
Ana və oğulun uzun illərdən sonra baş tutan qucaqlaşması tədbirin ən təsirli anlarından biri olub. Buşbi anasını sonuncu dəfə təxminən 10 il əvvəl gördüyünü bildirib.
Səyyahın 28 illik macərası təkcə fiziki dözümlülüyün deyil, həm də iradə və əzmin nümunəsi kimi diqqət çəkib.