İki nəfərin öldüyü istirahət mərkəzi bağlandı

Sentyabr ayında Şəki rayonunda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisənin baş verdiyi "Şəki Yaylası" istirahət mərkəzinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Oxu.Az-a istinadla, ərazidə istirahət mərkəzinə giriş məhdudlaşdırılıb. Mərkəzə aparan piyada keçidi bağlanıb, həmçinin avtomobillərin hərəkətinə isə tamamilə qadağa qoyulub.

Mərkəzdən bildirilib ki, istintaq tədbirləri ilə əlaqədar obyektin fəaliyyəti ilin sonunadək dayandırılıb. Həmçinin o da qeyd olunub ki, gələcəkdə zəruri dəyişikliklər və müvafiq tədbirlər həyata keçirildikdən sonra fəaliyyətin bərpası məsələsinə baxıla bilər.

Qeyd edək ki, hadisə sentyabrın 8-də Şəkinin Baş Kəldək kəndində yerləşən istirahət mərkəzində baş verib. Əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib.