Müasir hərb tariximizin Qərbin nüfuzlu ekspertlərinin qələmi ilə yazılması çox əlamətdar haldır - Rəy

Azərbaycanın müasir hərb tarixinin Qərbin nüfuzlu ekspertlərinin qələmi ilə yazılması çox əlamətdar haldır.

Bunu açıqlamasında noyabrın 3-də təqdimatı keçirilən ABŞ-li müəlliflər Liam Kollinz (Liam Collins) və Con Spenserin (John Spencer) "Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə" (The War for Karabakh Strategy, Technology, and Victory) kitabını dəyərləndirən Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

O, sözügedən kitabın Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinə həsr olunmuş ilk xarici genişmiqyaslı sistemli hərbi tədqiqatlardan biri olduğunu vurğulayıb:

"Müəlliflər Liam Kollinz və Con Spenser bu kitab üzərində Uest-Poynt Hərbi Akademiyasının mütəxəssisləri ilə birlikdə təxminən iki il çalışıblar, 100-ə yaxın hərbi və mülki mütəxəssislə müsahibə aparıb, döyüşlərin getdiyi ərazilərdə yerində araşdırma həyata keçiriblər. Beləliklə, müasir Azərbaycan hərb tarixi Qərbin nüfuzlu hərbi-akademik mühitinin qələmi ilə yazılıb və bu, çox əlamətdar haldır. Kitabın "Amazon"da satışa çıxarılması və dünyanın hərbi akademiyalarında öyrənilməsi ona yalnız elmi deyil, həm də geniş beynəlxalq auditoriya qazandırır".

Deputat qeyd edib ki, əsərdə Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbə sadəcə hərbi zəfər yox, həm də milli gücün qələbəsi olaraq qiymətləndirilib:

"Müəlliflər qələbəni yalnız pilotsuz uçuş aparatlarının uğuru kimi göstərən geniş yayılmış fikri tənqidi yanaşma ilə analiz ediblər. Onların fikrincə, bu qələbənin arxasında dövlət quruculuğu, iqtisadi potensial, düzgün planlaşdırma, müasir döyüş konsepsiyalarının mənimsənilməsi, kommunikasiya strategiyası və ideoloji iş dayanır. Bu milli gücün yaradıcısı isə Ali Baş Komandan İlham Əliyevdir. Kitabda Ali Baş Komandanın döyüş əməliyyatlarının strateji idarə olunmasındakı rolu, ölkə daxilində və beynəlxalq arenada aparılan fəal kommunikasiya və dezinformasiyaya qarşı mübarizə xüsusi vurğulanıb. Ordunun möhkəmləndirilməsi, iqtisadiyyatın gücləndirilməsi və cəmiyyətin səfərbər edilməsinin uzunmüddətli və ardıcıl siyasətin nəticəsi olduğu bildirilib".

N.Həmzəyev əlavə edib ki, kitabda "Dəmir yumruq" əməliyyatı, Hadrut, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərindəki döyüşlər, Şuşa uğrunda döyüş və 2023-cü ilin antiterror tədbirlərinin xəritələr üzərində göstərilməklə ətraflı təhlili də xüsusi qeyd olunmalıdır:

"Azərbaycan Ordusunun Hadrut və Şuşanın azad edilməsi uğrunda keçirdiyi əməliyyat şəhər döyüşlərinin ən yüksək səviyyədə aparılması nümunəsi kimi dəyərləndirilə bilər. Hadrut və Şuşa bu şəhərlərdə ciddi dağıntıya yol verilmədən azad edildi. Bu, yüksək peşəkarlığın, dəqiq planlaşdırmanın və mülki infrastrukturu qorumaq iradəsinin göstəricisidir. Nəticə etibarilə, kitab Azərbaycanın qələbəsinin təkcə döyüş meydanında deyil, strategiya, dövlət idarəçiliyi və milli birlik müstəvisində qazanıldığını beynəlxalq səviyyədə təsdiqləyir".