Himalayda dağ yürüşünə çıxan 8 nəfər itkin düşüb

Hindistanın şimalındakı Himalay bölgəsində dağ yürüşünə çıxan 8 nəfərdən xəbər almaq mümkün deyil. Alpinistlər qrupu oktyabrın 27-də Uttarakhand ştatının ərazisində yerləşən Kedartal bölgəsində üç günlük yürüşə başlayıb.

Press Trust of India (PTI) agentliyinin məlumatına istinadən, bölgədə güclü qar yağışı zamanı oktyabrın 29-da qar uçqunu baş verib. Bundan sonra Himalay bölgəsində olan 7 nəfər və bir bələdçi ilə əlaqə kəsilib.

Rəsmilər oktyabrın 29-dan bəri əlaqə saxlanılmayan qrupu tapmaq üçün 10 nəfərlik axtarış-xilasetmə qrupunun bölgəyə göndərildiyini bildiriblər.

Himalay dağlarında güclü qar yağışı, zəif görünüş məsafəsi və baş verən qar uçqunlarının axtarış-xilasetmə işlərini çətinləşdirdiyini qeyd edən rəsmilər, axtarış qruplarının Uttarkaşi rayonundakı Kedartal bölgəsi yaxınlığında qar altında qalmış çadır, geyim, başmaq və ərzaq məhsulları tapdığını, lakin 2-3 kilometrlik ərazidə aparılan axtarışlarda itkin düşən şəxslərə rast gəlinmədiyini vurğulayıblar.

Rəsmilər yürüş qrupunu müşayiət edən 3 yükdaşıyan və 1 aşpazın isə 3 gün əvvəl xilas edildiyini bildiriblər. Həmçinin güclü qar yağışından sonra 4 min metrdən yüksəkdə yerləşən yürüş marşrutlarının bağlandığı açıqlanıb.