Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) qarşıdan gələn Zəfər Günü ilə əlaqədar "WhatsApp" platformasında yayılan saxta kampaniyalarla bağlı xəbərdarlıq edib.
MKA-ya istinadən, platforma üzərindən istifadəçilərə Azərbaycan Prezidenti adından 100 manat məbləğində pul mükafatı veriləcəyi barədə tərkibində zərərli keçidlər (linklər) olan mesajlar göndərilir.
"MKA vətəndaşlara dövlət qurumları və rəsmi şəxslər adından şübhəli mesajlar, o cümlədən keçidlər aldıqda diqqətli olmağı, məlumatları rəsmi mənbələrdən dəqiqləşdirməyi tövsiyə edir. Onlardan bu cür hallarla qarşılaşdıqda Agentliyin rəsmi veb-saytı (www.nca.az) vasitəsilə məlumat vermələri xahiş olunur", - məlumatda qeyd olunub.