Azərbaycanda elektron ticarət sahəsində hüquqi tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi və qanunun əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub.
Bununla bağlı “Elektron ticarət haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliklər Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planına uyğun hazırlanıb. Sənəddə elektron ticarət üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi, mövcud maneələrin aradan qaldırılması və qanunsuz ticarət əməliyyatlarının azaldılmasının təşviqi nəzərdə tutulub.
Qanun layihəsinə əsasən, “Elektron ticarət haqqında” qanunun yalnız Azərbaycan ərazisində həyata keçirilən elektron ticarətə tətbiqini nəzərdə tutan məhdudiyyət aradan qaldırılır. Eyni zamanda, qanuna “texnoloji neytrallıq” anlayışı və müvafiq prinsip daxil edilir. Bundan başqa, “POS-terminal” anlayışı dəqiqləşdirilərək mövcud təcrübəyə uyğunlaşdırılır, ödənişlərin həyata keçirilməsi ilə bağlı müddəalar təkmilləşdirilir. Layihədə elektron ticarət sahəsində ödəniş üsullarının inkişafından irəli gələn digər uyğunlaşdırıcı dəyişikliklər də nəzərdə tutulub. Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.