BakıKart”dan sərnişinlər üçün daha bir yenilik - müəllimlərə 1 qəpiklik gediş imkanı

“K Group” MMC (BakıKart) ictimai nəqliyyatda sərnişinlər üçün daha sərfəli və rahat ödəniş imkanlarının yaradılması istiqamətində yeni təşəbbüslərini davam etdirir.

Bu istiqamətdə “BakıKart” və Mastercard-ın birgə əməkdaşlığı çərçivəsində təhsil işçiləri üçün güzəştli gediş kampaniyası istifadəyə verilib.

Noyabrın 2-dən qüvvəyə minən kampaniyaya əsasən, “TəhsilPlus” Mastercard kartı sahibləri həftənin iş günlərində (bazar ertəsi–cümə) Bakı metrosu və avtobuslarda gün ərzində ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə bilərlər.

Kampaniyadan yararlanmaq üçün “TəhsilPlus” kartı ilə Apple Pay və ya Google Pay vasitəsilə təmassız (NFC) ödəniş etmək kifayətdir. İlk gediş zamanı kart hesabından birbaşa 0,01 AZN tutulur. Gün ərzində növbəti gedişlər isə mövcud standart tariflərə uyğun hesablanır.

“BakıKart” tərəfindən ictimai nəqliyyatda müasir ödəniş həllərinin tətbiqi ilə yanaşı, sərnişinlərin gündəlik nəqliyyat xərclərinin azaldılmasına yönəlmiş təşəbbüslərə xüsusi önəm verilir. Mastercard ilə birgə həyata keçirilən bu kampaniya da həmin istiqamətdə atılan növbəti addımlardan biridir.