Turistlərin sıx olduğu ərazidə faciə – Everest yaxınlığında qəza

Nepalda Everest yaxınlığında iki helikopterin toqquşması nəticəsində hindistanlı turist həlak olub, daha üç nəfər yaralanıb. Qəzanın səbəbi araşdırılır.

“Reuters”ə istinadən, hadisə çərşənbə axşamı Solukhumbu rayonunun Periçe kəndində, təxminən 4200 metr yüksəklikdə baş verib.

Fishtail Air və Air Dynasty şirkətlərinə məxsus helikopterlərdən biri tibbi uçuş həyata keçirirdi, digəri isə yük daşıyırdı.

Qəza nəticəsində Hindistanın Çennai şəhərindən olan 47 yaşlı Vasant Kumar Balararamamadu həlak olub. Hindistan əsilli Yeni Zelandiya vətəndaşı Şayleş Krişna Patel ağır yaralanıb. Hər iki helikopterin pilotları isə yüngül xəsarətlər alıblar.

Qəza turizm mövsümünün qızğın vaxtında baş verib

Payız Nepalda Everestə yürüş üçün ən əlverişli mövsümlərdən sayılır. Güclü qar yağışı səbəbindən dağ yollarının bağlanması isə helikopterlərə tələbatı artırıb.

Xumbu bölgəsində helikopterlər turistləri və alpinistləri daşımaqla yanaşı, yüksəklik xəstəliyi və digər sağlamlıq problemləri yaşayan şəxslərin təxliyəsində də istifadə olunur.

Toqquşmanın səbəbi Nepal polisi və Mülki Aviasiya İdarəsi tərəfindən araşdırılır.