“Türk Dövlətləri Təşkilatı (TDT) yoluna güclənərək davam edəcək”.
Bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.
Partiyasının parlament fraksiyasının iclasında çıxış edən MHP lideri TDT-yə üzv ölkələrin əməkdaşlıq potensialının səfərbər edilməsi ilə onların qlobal nüfuzunun artacağına və dünya sülhünə daha çox töhfə verəcəklərinə inandığını bildirib.
Xəzərlə Aralıq dənizinin, İssık-Kul ilə Van gölünün, Selenqa ilə Sakaryanın bir-birinə qovuşmasını arzuladıqlarını söyləyən Baxçalı türk dünyasının mədəni-tarixi bağlarının gücləndirilməsinin vacibliyini vurğulayıb.
Mərvin ulduzlarını Söyütdən seyr etmək, Daşkəndin havasını Konyada udmaq, Bakıda səslənən türküyə İzmirdə qoşulmaq istədiklərini bildirən MHP sədri Bişkekdə doğan günəşin Ankarada yola salınmasını, Əhməd Yəsəvinin ehtiram işığının Mustafa Kamal Atatürkün cəsarəti ilə türk dünyasına çatdırılmasını arzuladığını ifadə edib.
“Dildə, fikirdə, işdə birlik” şüarı ilə türk dövlətlərinin birgə hərəkət etməli olduğunu qeyd edən partiya rəhbəri türk dünyasının dövrün tələblərinə uyğun imkan və bacarıqlarla ortaq inkişaf strategiyası formalaşdırmasının əhəmiyyətinə diqqət çəkib.
Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə görüşündə üzv ölkələr arasında institutsional əlaqələrin gücləndirilməsi, iqtisadi, texnoloji, mədəni və hərbi münasibətlərin inkişaf etdirilməsi, siyasi və strateji əməkdaşlığın artırılması istiqamətində nümayiş etdirilən qətiyyətdən məmnunluq duyduqlarını bildirən Dövlət Baxçalı 167 maddədən ibarət yekun bəyannamənin ortaq gələcəyə töhfə verəcəyinə inandığını vurğulayıb.