Azərbaycanlılar evlərinə ərzaq yığır - SƏBƏB

Dünyanın müxtəlif qitələrində yerləşən 33 ölkənin hökuməti vətəndaşlara fövqəladə hallara hazırlıq məqsədilə evlərində ərzaq, içməli su və digər zəruri vasitələrdən ibarət ehtiyat saxlamağı tövsiyə edir. Bu çağırışlar ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər geniş coğrafiyanı əhatə edir.

Siyahıda Avropanın 17 ölkəsi, o cümlədən Böyük Britaniya, Fransa, Almaniya, Niderland, Norveç, İsveç, Finlandiya və Polşa yer alır. Şimali Amerikadan ABŞ, Kanada və Meksika, Cənubi Amerikadan isə Çili, Kolumbiya, Argentina və Braziliya da bu ölkələr sırasındadır.

Azərbaycanda bununla bağlı rəsmi açıqlama verilməsə də, bəzi vətəndaşlar artıq evlərində ərzaq ehtiyatı toplamağa başlayıblar.

Mövzu ilə bağlı Modern.az-a danışan M

illi Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, müxtəlif ölkələrin bu istiqamətdə tövsiyələr verməsi diqqətlə qiymətləndirilməlidir. Lakin həmin çağırışları dünyada qaçılmaz ərzaq qıtlığının başlanması kimi təqdim etmək doğru deyil.

Deputatın sözlərinə görə, müasir dövrdə milli təhlükəsizlik yalnız hərbi qüdrətlə ölçülmür. Ərzaq təhlükəsizliyi, enerji təminatı, su ehtiyatları və təchizat zəncirlərinin dayanıqlılığı da dövlətlərin strateji gücünün mühüm göstəricilərinə çevrilib.

“Son illərin beynəlxalq prosesləri sübut etdi ki, bəzən bir regionda yaranan hərbi-siyasi gərginlik minlərlə kilometr uzaqda yerləşən ölkələrin iqtisadiyyatına və ərzaq bazarına təsir göstərə bilir.

Azərbaycan məsələyə məhz bu reallıqlar prizmasından yanaşmalıdır. Ölkəmizdə ərzaq təhlükəsizliyinin gücləndirilməsi, yerli istehsalın artırılması, kənd təsərrüfatının inkişafı və strateji ehtiyatların idarə olunması dövlət siyasətinin mühüm istiqamətlərindəndir.

Bununla yanaşı, obyektiv olmalıyıq. Azərbaycan qlobal iqtisadi sistemdən təcrid olunmuş ölkə deyil. Müəyyən ərzaq məhsulları üzrə idxaldan asılılığımız mövcuddur. Ona görə də dünya bazarlarında mümkün qiymət dəyişiklikləri, nəqliyyat marşrutlarında yaranan çətinliklər və iqlim riskləri daim diqqətdə saxlanılmalıdır. Bu, ölkədə ərzaq qıtlığının gözlənildiyi anlamına gəlmir”, – deyə deputat bildirib.

Vüqar İskəndərov qeyd edib ki, Dövlət Ehtiyatları Agentliyinin fəaliyyəti strateji məhsulların təchizatında dayanıqlılığın təmin olunması və fövqəladə ehtiyatların idarə edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Deputat Azərbaycanın da bu ölkələr sırasına qoşulması ehtimalına münasibət bildirib.

“İnkişaf etmiş ölkələrin belə vətəndaşlarına bir neçə günlük ehtiyat saxlamağı tövsiyə etməsi həmin dövlətlərin iqtisadi cəhətdən zəifliyi demək deyil. Bu, fövqəladə vəziyyətlərə hazırlıq mədəniyyətidir.

Azərbaycan da beynəlxalq təcrübəni nəzərə alaraq əhalinin maarifləndirilməsi istiqamətində zəruri hesab edilən tövsiyələri verə bilər. Lakin belə qərarlar konkret risklərin peşəkar qiymətləndirilməsinə əsaslanmalı, ictimaiyyətə aydın və təmkinli şəkildə çatdırılmalıdır.

Bu gün ölkəmizdə kütləvi ərzaq qıtlığının yaxınlaşdığını söyləmək üçün əsaslı və təsdiqlənmiş məlumat yoxdur. Ona görə də vətəndaşları təşvişə salmaq, süni tələbat yaratmaq və bazarda əsassız qiymət artımlarına zəmin formalaşdırmaq yolverilməzdir”, – deyə o vurğulayıb.

Deputat əlavə edib ki, əsas məqsəd yerli istehsalın artırılması, ərzaq idxalının mənbələrinin şaxələndirilməsi, strateji ehtiyatların gücləndirilməsi və əhalinin sosial müdafiəsinin təmin edilməsi olmalıdır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə məsələyə fərqli yanaşdığını bildirib.

O, dünya ölkələrinin vətəndaşlara ərzaq ehtiyatı toplamaqla bağlı çağırışlarına şübhə ilə yanaşdığını deyib.

“Rəqəmsal texnologiya, yəni ‘0-1’ texnologiyası meydana çıxandan sonra dünya vahid mərkəzlərdən idarə olunmağa doğru gedir. Biz bunu koronavirus dövründə gördük və bundan sonra da oxşar hallarla qarşılaşa bilərik.

Mən dünya ölkələrində səsləndirilən çağırışlara və bu çağırışlardan irəli gələn şərtlərə inamsızlıqla yanaşıram. Əlbəttə, digər ölkələr belə addımlar atdığı halda, zərurət yaranarsa, Azərbaycan da bu sıraya qoşula bilər”, – deyə Eyyub Hüseynov qeyd edib.