“Bir Kredit”in “Birmarket”də payı azalıb

Azərbaycanda fəaliyyət göstərən “Bir Kredit” BOKT MMC-nin elektron ticarət platforması “Birmarket”i idarə edən “Competo” MMC-də iştirak payı 2026-cı ilin ilk yarısının sonuna 53,55%-ə enib.

“Kapital Bank”ın 2025-ci il üzrə audit edilmiş maliyyə hesabatında BOKT-un bu şirkətdə payı 54,09% göstərilib. Beləliklə, altı ay ərzində iştirak payı 0,54 faiz bəndi azalıb.

Payın azalması “Competo”nun nizamnamə kapitalının artırılması ilə eyni dövrə təsadüf edir. Belə ki, 2026-cı il iyunun 23-də şirkətin kapitalı 178,38 milyon manatdan 180,38 milyon manata yüksəldilib.

Hesablamalara əsasən, “Bir Kredit”in əvvəlki 96,5 milyon manatlıq iştirak məbləği dəyişməsəydi, kapital artımından sonra onun payı təxminən 53,49% təşkil edərdi. Faktiki göstərilən 53,55%-lik pay isə BOKT-un kapital artımında məhdud həcmdə iştirak etmiş ola biləcəyini göstərir.

Qeyd edək ki, 2025-ci ildə də “Competo”nun iştirakçı strukturunda əhəmiyyətli dəyişikliklər baş verib. Həmin il “Bir Kredit” şirkətə əlavə 10,5 milyon manat, Azərbaycanda elektron ödəniş xidmətləri göstərən “PashaPay” MMC isə 45,85 milyon manat investisiya edib.

Nəticədə “Bir Kredit”in payı 2024-cü ilin sonundakı 70,47%-dən 2025-ci ilin sonunda 54,09%-ə enib. “PashaPay” isə şirkətdə 25,70% pay əldə edib. Bununla da Azərbaycanda bank xidmətləri göstərən “Kapital Bank” ASC-nin hər iki törəmə müəssisəsi vasitəsilə “Competo”dakı ümumi iştirak payı 79,79%-ə yüksəlib.

Bu ilin iyulunda “Competo”nun nizamnamə kapitalı daha 4,5 milyon manat artırılaraq 184,88 milyon manata çatdırılıb. Həmin artımdan sonrakı iştirak paylarının bölgüsü isə hələ dəqiqləşdirilməyib.