İsrailin Baş naziri Benyamin Netanyahu müxalifəti ərəb partiyalarının daxil olmadığı geniş koalisiya hökumətinin yaradılmasına çağırıb və ona rəhbərlik etməyə hazır olduğunu bildirib.
Bu barədə AFP nəşri yazıb.
Netanyahu terrorizmi dəstəkləməyən istənilən partiyanın hökumətə qoşula biləcəyini deyib.
İsrail Seçki Komissiyasının açıqladığı nəticələrə əsasən, Netanyahunun sağ və ifrat sağçı koalisiyası parlamentdə 53 mandat qazanıb. Onun rəhbərlik etdiyi “Likud” partiyası isə 27 yer əldə edib. Lakin hökumətin formalaşdırılması üçün tələb olunan 61 mandat hələ təmin olunmayıb.
Mərkəzçi Qadi Ayzenkotun rəhbərlik etdiyi müxalifət 48 mandat qazanıb. Ərəb partiyaları Raam və Birləşmiş Siyahı isə müvafiq olaraq 8 və 11 yer əldə ediblər.
Netanyahu ərəb partiyalarının hökumətdə iştirakına qarşı olduğunu bildirib.