Seçim azadlığı insan ləyaqətinin əsaslarından biridir və süni intellektin insanların düşüncəsinə, qərar qəbul etməsinə təsiri bu dəyər üçün ciddi təhlükə yarada bilər.
Bunu Yaponiyanın Hitotsubaşi Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Maiko İtixara deyib.
Onun sözlərinə görə, süni intellekt, xüsusən də çat-botlar insanların düşüncəsinə, qərarlarına və davranışlarına əhəmiyyətli dərəcədə təsir göstərə bilər.
Professor vurğulayıb ki, böyük dil modellərinin (LLM) tənzimlənməsi, eləcə də bu sistemləri kimin və hansı məqsədlərlə idarə etdiyinin müəyyənləşdirilməsinə dair məsələlər getdikcə daha böyük aktuallıq kəsb edir. O, həmçinin süni intellektdən ayrı-ayrı qrupların maraqlarının təşviq edilməsi üçün istifadə olunması riskinə diqqət çəkib.
Onun fikrincə, sosial şəbəkə alqoritmləri insanların siyasi baxışlarına təsir edə bilən emosional məzmunun yayılmasına şərait yaradır. Professor hesab edir ki, bu proseslər ictimai qütbləşməni dərinləşdirir, sosial qruplar arasında qarşılıqlı hörməti zəiflədir və dövlətlər arasında etimadı azaldır.