Ayağını itirən əsgər anasına “bir az soyuqlamışam” dedi - Müharibənin görünməyən tərəfləri - MÜSAHİBƏ

44 günlük Vətən müharibəsində qələbənin əldə olunmasında Azərbaycan Ordusunun qəhrəmanlığı ilə yanaşı, gecə-gündüz yaralı əsgərlərin həyatını xilas etmək üçün çalışan həkimlərin də böyük əməyi olub. Cəbhə bölgələrində fəaliyyət göstərən hospitallarda hər gün onlarla yaralıya tibbi yardım göstərilib, ağır yaralı hərbçilər təxliyyə edilərək əməliyyat olunublar. Bəzən düşmən atəşi altında, bəzən isə öz həyatlarını təhlükəyə ataraq çalışan tibb işçiləri müharibənin görünməyən qəhrəmanlarına çevriliblər.

Bəs müharibə günlərində hospitallarda nələr yaşanırdı?

Lent.az-ın suallarını cavablandıran Xəzər Tibb Mərkəzinin direktoru Mübariz Ağayev 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri zamanı yaşadıqlarından, yaralı əsgərlərin unudulmaz hekayələrindən, həkimlərin fədakarlığından və qələbə xəbərini aldıqları an keçirdikləri hisslərdən danışıb.

- 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatlarında iştirak etmisiniz. Orada fəaliyyətiniz nə ilə bağlı idi? Hansı ərazilərdə olmusunuz?

- Vətən müharibəsində TƏBİB-in tabeliyində 43 hospital fəaliyyət göstərirdi. Mən onların hər birində olmuşam. O vaxt Tibbi koordinasiya şöbəsində çalışırdım. Hospitallarda yaralıların təxliyyəsi, çeşidlənməsi, briqadaların formalaşdırılması, hospitalların təyinatı və təchizatla bağlı bir sıra məsələlərlə məşğul olurduq. Antiterror əməliyyatlarında isə Bərdə, Ağdam və Tərtər istiqamətlərində çalışmışam. Bizim işimiz daha çox idarəçiliklə bağlı idi.

- Müharibənin ilk günlərində tibbi yardım necə təşkil olunmuşdu?

- Sentyabrın 27-si axşam saatlarında bizə tapşırıq verildi və briqadalar formalaşdırmağa başladıq. Müharibənin ilk günü 18 briqada yaratmışdıq. Briqadaların tərkibində neyrocərrah, travmatoloq, ümumi cərrah, hətta uroloq da var idi.

Xəstəxanalar mərhələli şəkildə, tibbi yardım səviyyələrinə uyğun açılırdı. Birinci səviyyəli xəstəxanalar cəbhə bölgəsinə yaxın ərazilərdə yerləşirdi və ilkin yardım üçün nəzərdə tutulurdu. Daha sonra həmin xəstələr daha geniş tibbi heyəti olan ikinci səviyyəli xəstəxanalara göndərilirdi. Yaralıların vəziyyəti ağır olduqda isə üçüncü səviyyəli hospitallara gətirilirdilər. Bu hospitallar Gəncə, Yevlax və Bakıda yerləşirdi. Saatlıda yanıq mərkəzi yaradılmışdı. Yanıq xəsarəti alanlar oraya təxliyyə olunurdu.

O günləri yaşamış adam kimi deyə bilərəm ki, həmin dövr həm qürurverici, həm də çox çətin idi.

Bir dəfə Bərdədə xəstəxanada idik. Oradan çıxanda dedilər ki, xəstəxananı vurublar. Sonradan məlum oldu ki, ballistik raket xəstəxanaya yox, onun yaxınlığına atılıb.

“Ayağı amputasiya olunmuş əsgər anasına sadəcə soyuqladığını deyirdi”

- Hospitallara ağır yaralı halda gətirilən əsgərlərlə sonradan qarşılaşmısınız?

- Əlbəttə. Onlar bura da gəlirlər. Xəzər Tibb Mərkəzində həftənin iki günü qazilər, şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları üçün qəbul keçirilir. Müharibə vaxtı çox ağır yaralanmış bir əsgər var idi. Onunla burada iki dəfə qarşılaşmışıq. Özü məni tanıyıb yaxınlaşmışdı.

Çox təsirli anlar yaşamışıq...

Bir dəfə hospitallardan birində palataya daxil oldum. Gördüm ki, tibb bacısı ayağı amputasiya olunmuş bir əsgərin sarğısını dəyişir. Əsgər isə sanki heç nə olmamış kimi sakit dayanmışdı. Bu vaxt tibb bacısının telefonuna zəng gəldi. Sən demə, biz gələnə qədər əsgər həmin telefonla anası ilə danışırmış. Bizi görən kimi danışığını yarımçıq saxlayıb.

Əsgər bizə deyirdi ki, mənə heç nə olmayıb, cəbhəyə qayıtmaq istəyirəm. Soruşurdu ki, Qubadlını almışıq, niyə irəli getmirik?

Anasına isə deyirdi: “Narahat olma, bir az soyuqlamışam, yaxşı olacağam”. Sonra anasına belə bir sual verdi: “Ana, indiyə qədər ayağımı yumusan?..”

Bu hadisə yadıma düşəndə çox pis hiss edirəm.

“Bəzən şəhidlərin nəşini tanımaq mümkün olmurdu”

- Xilas edə bilmədiyiniz yaralılar olurdu? Hansı ərazilərdən daha ağır yaralılar gəlirdi?

- Yaraların ağırlıq dərəcəsindən asılı olaraq, bəli, belə hallar olurdu.

Döyüş gedən ərazilərdə yaralananlara ilk yardımı hərbi həkimlər və tibb bacıları göstərirdilər. Bəzən yaralıları döyüş meydanından çıxarmaq üçün vaxt lazım olurdu. Çünki düşmən atəşinə tuş gəlməmək üçün əlverişli şərait gözləmək məcburiyyətində qalırdılar. Bu müddətdə isə yaralıların vəziyyəti ağırlaşırdı.

Ancaq tapşırıq verilmişdi ki, yaralılar mümkün qədər tez təxliyyə olunmalı, şəhidlərin nəşi isə müvafiq qaydada daşınmalıdır.

Bəzən şəhidlərin nəşi tanınmaz vəziyyətdə olurdu. Belə hallarda onları birbaşa ekspertizaya aparırdılar.

Yaralıların sayı o qədər çox idi ki, fəaliyyət göstərən 43 hospitaldan əlavə, Biləsuvar, Lerik və Lənkəranda da xəstələr üçün çarpayılar ayırmışdıq.

“Şuşada bayraq sancılmayana qədər qayıdan deyiləm”

- Əsgərlərlə yanaşı, həkimlərin də həyatı təhlükədə idi. Çünki düşmənin nə zaman, haraya zərbə endirəcəyi bilinmirdi. Tibbi briqadalar arasında qorxu, təşviş var idi?

- Briqadaları formalaşdıranda nəzərdə tutmuşduq ki, həkimlər 10-15 gündən bir növbəli şəkildə çalışsınlar. Ancaq sonradan onları evlərinə qaytara bilmirdik.

Rəşad adlı anestezioloq həkimimiz var idi. Əslən ağdamlı idi. Ona deyəndə ki, 10-15 gün işləyəndən sonra qayıt, cavab verdi ki, Şuşada bayraq sancılmayana qədər qayıdan deyiləm.

Həmin həkim 44 yox, 58 gün cəbhədə qaldı. Müharibə başa çatandan sonra da hospitallardakı xəstələrə kömək etdi.

Oktay adlı üz-çənə cərrahımız da var idi. O, Dövlət Himninin sədaları altında cərrahi əməliyyatlar icra edirdi. Öz təşəbbüsü ilə cəbhəyanı xəstəxanalarda briqada yaratmışdı.

“44 gün ərzində qan çatışmazlığı yaşamadıq”

- Yaralılar varsa, qan da lazımdır. Qan ehtiyatı kifayət qədər idi?

- Açılan bütün hospitallarda qan bankı yaradılmışdı. Ehtiyac yaranan kimi oradan istifadə edirdik. 44 gün ərzində qanla bağlı heç bir problemimiz olmadı.

“Avtomobil heç əsgərin dırnağı da deyil”

- Antiterror əməliyyatlarında da iştirak etmisiniz. Vətən müharibəsi ilə antiterror əməliyyatları arasında həm tibbi hazırlıq, həm də ruh yüksəkliyi baxımından hansı fərqlər var idi?

- 44 günlük Vətən müharibəsində həm orduda, həm də tibbi sahədə formalaşma gedirdi. Günlər keçdikcə yeniliklər tətbiq olunurdu.

Antiterror əməliyyatlarından bir gün əvvəl rəhbərlikdən zəng gəldi. Soruşdular ki, haradasan, təcili gələ bilərsən? Dedim, məzuniyyətdəyəm, amma gələrəm.

Gəldim, gördüm ki, 44 günlük müharibədəki komanda da rəhbərliyin yanındadır. Dərhal müzakirələrə başladıq. Mən həkim olmaqla yanaşı, keçmiş hərbçi də olduğum üçün, Murovda məntəqə rəisi kimi xidmət etdiyimi nəzərə alaraq, Bərdə Diaqnostika Mərkəzinə ezam edilməyim qərara alındı.

Bərdəyə çatan kimi işə başladıq. Çətin idi, itkilərimiz olmuşdu. Yaralılar ordudan xəstəxanalara çeşidlənərək göndərilirdi.

Qələbə əldə olunandan sonra Xankəndidə yaşayan erməniəsilli xəstələrə də yardım edirdik.

Bilirsiniz, müharibənin öz qanunları var. O vaxt insanların düşüncələri də, hissləri də başqa idi. Hamı bir-birini çox istəyirdi. Şəhərə çıxanda gənclərin yaşlılara yol verdiyini, nəzakətlə davrandığını görürdün. Hər kəsdə ruh yüksəkliyi var idi.

O vaxt öz avtomobilimlə hərəkət edirdim. Bir yoldaşım mənə demişdi ki, öz avtomobilinlə gəlmə, alıb cəbhəyə aparacaqlar.

Dedim ki, qoy aparsınlar. Avtomobil heç əsgərin dırnağı da deyil.

Bizim qismətimizə yazılmışdı ki, həmin vaxt zərrə qədər də olsa, dəstək verək. Düzdür, bir əsgərin, qazinin, şəhidin gördüyü işin 0,1 faizini də görə bilməmişik.

“Müharibədə hamı bir yumruq olmuşdu”

- Həkimlərin də əməyi az olmayıb.

- Mənim bildiyimə görə, dünya təcrübəsində müharibələrdə ümumi itki göstəricisi səkkiz faizdən yuxarı olub. Ancaq bizdə 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatlarında itki beş faizdən çox olmadı.

Birinci Qarabağ müharibəsi dövründə bu göstərici səkkiz faizdən yüksək idi. Bu dövrdə itkinin daha az olmasının səbəbi peşəkar briqadaların formalaşdırılması və təminatın yüksək səviyyədə olması idi.

Müharibədə mənim-sənin söhbəti olmadı. Hamı bir yumruq oldu.

Lazım gələndə hərbi hospitallara mülki həkimlərimizi də göndərirdik. Anbarlar implantlarla dolu idi. Travmatoloqlar yaralıları növbəti günə saxlamır, dərhal əməliyyat edirdilər. Ona görə də bir çox yaralımızda ağır fəsadların qarşısını almaq mümkün oldu.

“35-ci gündən iki düşmənlə vuruşurduq: görünən və görünməyən”

- Həkim, əməliyyatlar ən çox neçə saat davam edirdi?

- Əməliyyatların müddəti xəsarətin ağırlıq dərəcəsindən asılı idi. Elə əməliyyat var idi ki, yarım saat, eləsi də səkkiz saat davam edirdi.

Müharibənin 35-ci günündən etibarən koronavirusa yoluxan xəstələrimiz də gəlməyə başladı. O zaman Yeni Klinikada yer ayıraraq COVID-19-a yoluxmuş yaralıların təxliyyəsini həyata keçirirdik.

Artıq 35-ci gündən etibarən biz iki düşmənlə vuruşurduq – gözəgörünən və gözəgörünməz.

COVID-19 neçə-neçə həkimimizi, tibb bacımızı əlimizdən aldı.

Ancaq bu virusa diqqətlə yanaşan ölkələrdən biri biz idik. Bunu statistikalar da göstərir.

- Müharibədə ən çox hansı növ xəsarətlərə rast gəlinirdi?

- Yaralılara daha çox cərrahi xidmətlər göstərilirdi. Baş-beyin travmaları və digər travmatoloji xəsarətlər xüsusi yer tuturdu. Çox olmasa da, yanıqlara rast gəlinirdi. Qarın boşluğundan düşmən gülləsinə tuş gələn əsgərlərimiz də çox idi.

“Dörd-beş ay komada qalan əsgərin oyanması möcüzə idi”

- Yaralı əsgərlərlə bağlı yaddaşınızda qalan başqa hansı xatirələr var?

- Tanıdığım bir əsgər var. Qardaşlarından biri də şəhid olub.

Həmin əsgər uzun müddət, dörd-beş ay komada qaldı. Onun oyanması möcüzə idi. Heç kim inanmırdı ki, o, həmin vəziyyətdən çıxa biləcək.

Sonradan qismət oldu, onu ziyarətə getdim, söhbət etdik. Komada qaldığı müddətdə ailəsi və qohumları ilə əlaqə saxlayırdıq.

İndi əlilliyi olsa da, özünü idarə edə bilir, ayaq üstədir.

Bir də gözümüzün qabağında böyüyən bir uşaq var idi. Bir gün baxdım ki, yaralıların arasındadır. Onu təcili tibbi yardım avtomobili ilə Bakıya təxliyyə edəndə söhbət etmişdik.

Əsgərlər çox qürurlu idilər. Müharibə bitməyənə qədər təxliyyə olunmaq istəmirdilər. Hamısı deyirdi ki, biz bütün torpaqları almışıq.

“Xankəndidə erməniəsilli xəstələrə də yardım edirdik”

- Dediniz ki, müharibədən sonra Xankəndidə erməniəsilli insanlara da kömək edirdiniz. Onlara nə olmuşdu?

- Üç-dörd nəfər xəstə var idi. Azərbaycan dilini də bilirdilər. Ailə üzvləri onları qoyub qaçmışdılar.

“Qaziləri görəndə müharibədə yaşadıqlarımız gözümün önünə gəlir”

- Müharibədən sonra insan sağlamlığına baxışınızda dəyişiklik oldumu?

- Əlbəttə. Həkimin əsas borcu xəstəyə yardım etməkdir. Ancaq xəstələr də daxildə çeşidlənir.

Birinci Qarabağ müharibəsi dövründə Murovda xidmət etdiyim üçün əsgərin nə əziyyət çəkdiyini bilirəm. Hər iki dövrü görmüşəm. Ona görə də indi yanımda müharibə iştirakçısı olduğunu eşidəndə yaşadıqlarımız gözümün qabağından keçir. Onlara daha fərdi yanaşırıq.

Düzdür, bəzi xəstələr bir qədər aqressiv olur. Bu, onların yaşadıqları travmalarla bağlı ola bilər. Bizim borcumuz onlarla nəzakətli davranmaqdır.

Problemsiz adamın xəstəxanada nə işi var ki? Deməli, köməyə ehtiyacı var.

Şöbələrdə qazilər üçün xüsusi yerlər ayırmışıq.

“Murovda məntəqə rəisi kimi xidmət etmişəm”

- Hərbi xidmət təcrübəniz var, ixtisasca da pediatrsınız. Hərbidən həkimliyə keçmisiniz, yoxsa həkimlikdən hərbiyə?

- İxtisasca uşaq revmatoloquyam. Əvvəllər Elmi-Tədqiqat Pediatriya İnstitutunda işləmişəm. 2000-ci ildə Mərdəkanda yerləşən uşaq xəstəxanasına keçdim.

Mən ehtiyatda olan leytenant idim. O vaxt orduda həkim çatışmazlığı olduğuna görə 1,5 il müddətinə zabit kimi hərbi xidmətə çağırıldım.

Həmin ərazidə əvvəllər heç olmamışdım. Öz avtomobilimlə yola çıxdım. Posta çatanda soruşdum ki, “N” saylı hərbi hissə haradadır?

Dedilər ki, Murovda.

Murov sözünü eşidəndə bir anlıq dayandım. Çünki o vaxta qədər orada olmamışdım.

Sonra yoluma davam etdim, gedib məntəqəni təhvil aldım. Xidmət müddətim bir il yarım olsa da, məni əvəz edəcək adam tapılmadığı üçün iki ilə qədər uzandı.

Sonradan hərbidə qalmaq təklif olundu. Ancaq ailə vəziyyətimlə əlaqədar geri qayıtmalı oldum.

“Bəlkə də sevinc qışqırıqlarımız bütün Bakını oyatdı”

- Qələbə xəbərini necə aldınız?

- Biz həmin vaxt evə getmirdik. Qərargahda qalırdıq.

Gözləmədiyimiz anda qərar verildi.

Bəlkə də sevinc qışqırıqlarımız bütün Bakını oyatdı. Ondan sonra bütün əhali küçələrə çıxdı.

Bölgələrdəki həkimlər zəng edib deyirdilər ki, biz qayıtmırıq, son yaralı təxliyyə olunana qədər burada qalacağıq.

Yaralılar tam təxliyyə edilənə qədər həkimlərimiz hospitallarda qaldılar.

“Səksən yaralının hamısı eyni idman geyimində idi”

- 44 günlük müharibə dövrünə qayıtsaydınız, özünüzdə nəyisə dəyişmək istəyərdiniz?

- İnsan gördükcə kamilləşir, formalaşır. O dövrdə modul tipli xəstəxanaların yaxşı təşkil olunduğunu görə bilirdik. İndi isə təkcə Bakıda deyil, bölgələrdə də mükəmməl səviyyədə xəstəxanalar təşkil olunub.

Bir dəfə xəstəxanalardan birinə getmişdim. Orada səksən xəstə var idi. Hamısı eyni idman geyimində idi.

Xəstəxana rəhbərlikləri və iş adamları xəstələrə geyim ianə edirdilər. Əsgərlər üçün xəstəxanalara corab, dəsmal, geyim, hətta döşəklər göndərilirdi.

Bu da özlüyündə birliyin göstəricisi idi.

Foto - İlkin Nəbiyev ©️ APA GROUP