ABŞ-də Konqresə keçirilən aralıq seçkilərdə səsvermə başlayıb. Prezident Donald Trampın vəzifə müddətinin ortasına təsadüf edən və Konqresdəki güc balansını kökündən dəyişdirmək potensialına malik bu seçkilər həm Ağ Ev, həm də Respublikaçılar Partiyası üçün tarixi sınaq hesab olunur.
Seçicilərin qərarına təsir edən əsas amil ölkədə yaşayış xərclərinin artmasıdır. Tramp administrasiyasının tətbiq etdiyi aqressiv tariflər və İranla yaşanan hərbi münaqişə ərzaq və yanacaq qiymətlərini kəskin artırıb. Seçkilərdən əvvəl bir qallonu 3,75 dollar olan dizel yanacağının qiyməti sentyabrda rekord həddə – 6,52 dollara çataraq inflyasiyanı 3 faizdən 3,7 faizə yüksəldib.
İqtisadi narazılıqlar fonunda reytinqi 38 faizə düşən Donald Tramp son həftələrdə dəstəyi bərpa etmək üçün ard-arda mitinqlər keçirib. O, tərəfdarlarına "Bu seçkilərdə sanki bülletendə şəxsən mənim adım varmış kimi səs verin" müraciətini edib. Aparılan sorğular iqtisadi narazılıqların Demokratlara üstünlük qazandırdığını və Nümayəndələr Palatasında əksəriyyətin dəyişə biləcəyini göstərir.
Senatda 35 yer uğrunda gedən mübarizədə nəzarəti ələ almaq üçün Demokratlar daha 4 mandat qazanmalıdır. Seçkilərin taleyi əsasən Miçiqan, Texas, Ohayo, Ayova, Men, Alyaska və Şimali Karolinalı seçicilərin qərarından asılı olacaq.