ABŞ-ın Nyu-York ştatında son 30 ildə ilk dəfə qızılcadan ölüm qeydə alınıb.
Ştatın qubernatoru Keti Hokul bu barədə “X” sosial şəbəkəsində məlumat yayıb.
Onun sözlərinə görə, Lyuis dairəsində bir uşaq qızılcadan ölüb. Hokul hadisəni ABŞ federal hökumətinin xəstəliklərə qarşı mübarizə sahəsində əvvəlki nailiyyətləri zəiflədən siyasəti ilə əlaqələndirib.
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatına görə, 2026-cı ildə ölkədə qızılcaya 4 852 yoluxma halı təsdiqlənib.
Qeyd edək ki, avqust ayında Pensilvaniya ştatında qızılca epidemiyası fonunda dörd nəfər ölüb. Nyu-Yorkda isə oktyabrın 5-də infeksiyanın yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.