“WhatsApp”da nömrə və ünvanlarla bağlı yenilik

“WhatsApp” mesajlarda telefon nömrələrini, tarixləri, ünvanları və elektron poçt ünvanlarını avtomatik müəyyən edən yeni funksiyanı istifadəyə verir.

Yenilik istifadəçilərə mesajlardakı məlumatlarla bağlı əlavə əməliyyatları daha sürətli yerinə yetirməyə imkan yaradacaq.

Funksiya həm “Android”, həm də “iOS” əməliyyat sistemlərində tədricən istifadəyə verilir. Tətbiq mesajda uyğun məlumat aşkar etdikdə həmin mətnin altında nöqtəli xətt göstərir. İstifadəçi bu hissəyə toxunaraq təklif olunan əməliyyatları görə bilər.

Telefon nömrələri ilə bağlı istifadəçilər nömrəni köçürə, kontaktlara əlavə edə və zəng edə biləcəklər. Tarix və saatlar təqvimə əlavə edilə, yeni tədbir yaradıla və ya köçürülə biləcək. Ünvanlar xəritədə açılacaq, elektron poçt ünvanları isə poçt tətbiqinə yönləndirəcək.

Yeni funksiya həm daxil olan, həm də göndərilən mesajlarda işləyir. İstifadəçilər təklif olunan əməliyyatlardan yararlanmaq istəmədikdə nöqtəli xətti nəzərə almadan yazışmanı davam etdirə bilərlər.

“WhatsApp”ın sözlərinə görə, məlumatların tanınması birbaşa istifadəçinin cihazında həyata keçirilir. Bunun üçün tətbiq mətn nümunələrini müəyyən edən xüsusi alqoritmlərdən istifadə edir. Mesajların məzmunu və aşkar edilən məlumatlar şirkətin serverlərinə göndərilmir. Beləliklə, yenilik başdan-başa şifrələməyə təsir göstərmir.

Funksiya hazırda “WhatsApp”ın son versiyalarından istifadə edən bəzi “Android” və “iOS” istifadəçiləri üçün əlçatandır. Yeniliyin mərhələli şəkildə daha geniş auditoriyaya təqdim olunacağı gözlənilir.