ABŞ səhmləri seçkilərdən sonra adətən bahalaşır, lakin bu il vəziyyət fərqli ola bilər

ABŞ səhmləri 70 ildən artıqdır ki, aralıq seçkilərdən sonrakı altı ay ərzində yüksəlir. Lakin investorlar bu həftə keçiriləcək səsvermədən sonra həmin ardıcıllığın pozula biləcəyi barədə xəbərdarlıq edirlər. “Financial Times” yazır ki, süni intellektlə bağlı narahatlıqlar və neft qiymətlərinin kəskin artması bazarın perspektivlərinə mənfi təsir göstərir.

Son 75 ildən artıq müddətdə keçirilmiş istənilən aralıq Konqres seçkilərindən əvvəlki son ticarət gününün bağlanışında ABŞ səhmləri alan investor növbəti 6 və ya 12 ay ərzində gəlir əldə edərdi. İndeks sonuncu dəfə 1946-cı ildə geriləyib. Bu, sadəcə mövsümi anomaliya deyil. 1950-ci ildən bəri seçki olmayan digər illərdə eyni altı və on iki aylıq dövrlər ərzində indeks təxminən hər üç haldan birində ucuzlaşıb.

Analitiklər bu tendensiyanı qismən seçkiqabağı qeyri-müəyyənliklə izah edirlər. Qeyri-müəyyənlik səsverməyədək bazarlara təzyiq göstərir, seçkilərdən sonra isə aradan qalxır. Lakin texnologiya səhmlərindəki son satış dalğasına baxmayaraq, fond bazarının bu il ikirəqəmli artım göstərməsi və investorların çoxsaylı risklərdən narahat olması bəzi fond menecerlərini tarixi ardıcıllığın sona çata biləcəyini düşünməyə vadar edir.

“Səhmlər artıq əhəmiyyətli dərəcədə bahalaşıb, bazar isə gələn ilə doğru irəliləyərkən ciddi maneələrlə üzləşir”, analitiklər bildiriblər.

ABŞ Prezidenti Donald Trampın seçkilərdən sonra İrana qarşı hərbi kampaniyanı gücləndirmək niyyətində olduğu barədə ehtimallar fonunda neft qiymətləri ötən həftə apreldən bəri görünməyən səviyyələrə qayıdıb.

“Trampın aralıq seçkilərdən sonra bombardmanları bərpa etməsi riskini yüksək qiymətləndiririk”, iqtisadçılar bildiriblər. Onların sözlərinə görə, seçkilərlə yanvarın əvvəli arasındakı dövrdə “fəaliyyət göstərən Konqres yoxdur” və eskalasiya ehtimalı məhz həmin vaxt daha yüksəkdir. Bu vəziyyət investorların yaxın perspektivdə riskli aktivlərə qarşı “ehtiyatlı” mövqe tutmasına səbəb olur.

Fond bazarının seçkilərdən sonra güclü yüksəlişi adətən səsvermədən əvvəlki zəif dövrün ardınca baş verir. “Financial Times”ın təhlilinə görə, 1942-ci ildən bəri aralıq seçkilərin keçirildiyi illərdə S&P 500 indeksi il ərzində ən yüksək nöqtədən ən aşağı səviyyəyədək orta hesabla 18 faiz geriləyib.

2026-cı ildə isə seçkiqabağı dövr heç də zəif keçməyib. S&P 500 indeksinin maksimum enişi 9 faiz təşkil edib ki, bu da belə illər üzrə orta göstəricidən iki dəfə azdır. JPMorgan seçkilərdən sonrakı yüksəlişi qeyri-müəyyənliyin aradan qalxması ilə izah edir: “Bazarlar qeyri-müəyyənliyi sevmir, seçkilər isə onu yaradır. Səsvermədən sonra bazarlar siyasi qüvvələr nisbəti barədə aydın təsəvvür əldə edir və bazar üçün daha vacib olan fundamental amillərə və siyasətə yenidən diqqət yönəldirlər”.

Lakin bu il seçkilərdən sonrakı vəziyyət o qədər də əlverişli olmaya bilər. Oktyabr ayı dəyişkən keçib, süni intellektdən əldə ediləcək gəlirlərin texnologiyaya yatırılan nəhəng sərmayələri doğrultmayacağı qorxusu fonunda texnologiya səhmləri kəskin satış təzyiqi ilə üzləşib. Bir çox investor geriləmənin hələ başa çatmadığından ehtiyat edir. Üçüncü rüb üzrə hesabatlar da bu narahatlıqları hələ aradan qaldırmayıb.