Özəl məktəblərdə də vahid geyim olacaq? – Ekspertdən AÇIQLAMA

“Özəl məktəblərdə vahid məktəbli geyim formasına əvvəldən riayət edilirdi.

Bir aydan çoxdur ki, bütün dövlət məktəblərində vahid məktəbli geyim forması tətbiq olunur. Bəs özəl məktəblərdə vəziyyət nə yerdədir? Özəl məktəblərdə də vahid məktəbli geyim forması zəruridirmi?

Bu sualların cavabını Yenicag.az-a təhsil eksperti Elmin Nuri açıqlayıb:

“Vahid məktəbli geyim forması ilə bağlı qərar yalnız dövlət məktəblərini əhatə edir. Özəl məktəblər kommersiya layihələri olduğu üçün qərarlar onlara təsir etmir. Özəl məktəblərlə bağlı tövsiyə xarakterli təkliflər vermək mümkündür. Özəl məktəblər də lisenziyanı Elm və Təhsil Nazirliyindən alır, amma onların akkreditasiya şərtləri başqadır. Onlar vahid qərara tabe olmaya bilər. Bu, tədris proqramından tutmuş davamiyyətə qədər hər sahədə eynidir. Bilirsiniz ki, özəl və dövlət məktəblərində dərslər də fərqli günlərdə başlayıb, fərqli vaxtlarda bitir. Beləliklə, bir çox məsələdə özəl və dövlət məktəbləri bir-birindən fərqlənir.”

Ekspert özəl məktəblərin özünəməxsus məktəbli geyim forması olduğunu diqqətə çatdırıb:

“Hazırda cəmi 33 özəl məktəb var ki, onların hər birində uzun müddət formalaşmış vahid məktəbli geyim forması mövcuddur. Əksinə, dövlət məktəblərində bu yanaşma yenidir. Hər özəl məktəbin özünəməxsus məktəbli geyim forması var. Onlar bundan əvvəl olduğu kimi, bundan sonra da məktəbli geyim formasına riayət edəcəklər.

Onların məktəbli forması məktəbin brendinin reklamına xidmət edir. Hər bir halda, dövlətin verdiyi bütün qərarlar dövlət məktəbləri üçündür”.