Avropanın bir sıra ölkələrində supermarket şəbəkələrinin soyutma sistemlərində ciddi problemlər yaranıb. İsveçdə bəzi marketlərin soyuducu və dondurucu sistemlərinə kiberhücum edildiyi, Belçika və Lüksemburqda isə çoxsaylı mağazalarda temperaturun qəfil yüksəldiyi bildirilib. Hadisələr nəticəsində böyük həcmdə ərzaq məhsullarının yararsız hala düşdüyü qeyd olunur.
İsveç mediası Stokholm da daxil olmaqla ölkənin müxtəlif şəhərlərində fəaliyyət göstərən supermarket şəbəkələrinin soyutma sistemlərinin kiberhücumlara məruz qaldığını açıqlayıb.
Məlumata əsasən, hücum nəticəsində soyuducu və donduruculardakı temperatur süni şəkildə yüksəldilib. Bu isə ərzaq məhsullarının xarab olmasına səbəb olub.
Öland adasında yerləşən “ICA” mağazasının nümayəndəsi Mats Olsson açıqlamasında soyuducu sistemindəki havanın temperaturunun 55 dərəcəyədək yüksəldildiyini bildirib. O, səhər mağazaya gəldikdə ərazinin su ilə dolu olduğunu gördüyünü qeyd edib.
“ICA” mağazalarının digər filialları da sosial şəbəkələrdə paylaşım edərək kiberhücum nəticəsində bir sıra ərzaq məhsullarının yararsız hala düşdüyünü açıqlayıb.
İsveçin digər böyük supermarket şəbəkəsi “Coop” da hücumdan zərər çəkdiyini təsdiqləyib. Şirkət nümayəndəsi Karlos Kansino ölkə üzrə altı filialda soyuducu və dondurucu sistemləri ilə bağlı problemlər qeydə alındığını bildirib.
Belçikanın RTL telekanalının məlumatına görə, “Delhaize” supermarket şəbəkəsinin rəhbərliyi noyabrın 2-də səhər saat 04:00 radələrində mağaza müdirlərinə soyutma sistemlərində temperaturun qəfil yüksəlməsi barədə xəbərdarlıq göndərib. Şəbəkənin bir sıra mağazalarında soyuducu və xüsusilə dondurucu bölmələrində temperaturun təxminən 15 dərəcəyədək yüksəldiyi bildirilib.
Məlumata görə, Estoniyada da noyabrın 2-də bəzi supermarket şəbəkələrinin soyutma sistemlərinə kiberhücum nəticəsində ərzaq məhsulları yararsız hala düşüb. Bundan əvvəl, oktyabrın 12-də Fransada tanınmış supermarket şəbəkələrinə qarşı həyata keçirilən kiberhücumlar nəticəsində soyuq zəncirin pozulması səbəbindən çoxsaylı ərzaq məhsulları məhv edilmişdi.
Hadisələrin bir neçə Avropa ölkəsində qeydə alınması supermarketlərin rəqəmsal idarəetmə və soyutma sistemlərinin kibertəhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.