Əhali əlindəki dolları niyə satır - bəs devalvasiya olsa?

Son dövrlərdə Azərbaycanda əhalinin xarici valyutaya, xüsusilə ABŞ dollarına münasibətində müəyyən dəyişikliklər müşahidə olunur. Əvvəllər insanlar öz yığımlarını qorumaq və gələcəkdə yarana biləcək iqtisadi risklərdən sığortalanmaq məqsədilə dollar almağa üstünlük verirdilərsə, hazırda bəzi vətəndaşların dollar sataraq manat əldə etməsi diqqət çəkir.

2026-cı ilin ötən dövründə Azərbaycanın valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib. Bu tendensiya özünü həm nağd, həm də qeyri-nağd seqmentdə aydın büruzə verib.

Mərkəzi Bankın yaydığı məlumatda deyilir: "2026-cı ilin 9 ayında mübadilə məntəqələrinin müştərilərdən aldığı nağd xarici valyutanın həcmi satışı 759 milyon ABŞ dolları qədər üstələyib. Rezident fiziki şəxslərin əmanətlərində dollarlaşma səviyyəsi son bir ildə 3.3 faiz bəndi azalaraq, 2026-cı ilin sentyabrında 25.7 faizə enib".

Əhali əlindəki dolları niyə satır - xərclər artıb, devalvasiya olmayacağı əminliyidir, ya nə?

İqtisadçı Eldəniz Əmirov Musavat.com-a bildirib ki, əhalinin əlindəki dolları sataraq manat əldə etməsinin bir neçə əsas səbəbi var: “İlk növbədə, bu proses manatın sabitliyinə və milli valyutaya olan inamın artması ilə bağlıdır. Uzun müddətdir manatın məzənnəsinin sabit qalması, eləcə də Mərkəzi Bank rəhbərinin və ölkə başçısının milli valyutanın məzənnə sabitliyinin qorunub saxlanılması ilə bağlı səsləndirdikləri fikirlər əhalinin manata olan münasibətinə müsbət təsir göstərir”.

İqtisadçı qeyd edib ki, digər mühüm amil manatla və dollarla olan əmanətlərin faiz dərəcələri arasındakı ciddi fərqdir:

“Hazırda manatla yerləşdirilən əmanətlər üzrə faiz dərəcələri dollarla olan əmanətlərin faizlərini bəzi hallarda 3-4 dəfə üstələyir. Məsələn, dollarla əmanət yerləşdirən şəxs illik təxminən 2,5 faiz gəlir əldə etdiyi halda, manatla əmanətlər üzrə bu göstərici 9-10 faizə çatır. İnsanlar görürlər ki, dolları evdə saxlayanda onun üzərinə əlavə pul gəlmir. Dolların özünün də inflyasiyası var. Banka əmanət kimi yerləşdirəndə isə cəmi 2,5 faiz gəlir əldə edirlər. Manatla əmanət yerləşdirdikdə isə 9-10 faiz gəlir götürmək mümkündür. Belə olan halda insanlar evdə saxladıqları pulları manata çevirərək banklarda əmanət yerləşdirməyə üstünlük verirlər”.

Eldəniz Əmirovun fikrincə, əmanətlərin həcmində müşahidə olunan artımda dolların manata çevrilməsinin də müəyyən rolu var: “Əvvəllər vətəndaşlar yığımlarını yastıq altda, nağd xarici valyuta şəklində saxlamağa üstünlük verirdilərsə, hazırda bu maraq azalır və manatla bank əmanətlərinə yönəlmə artır”.

İqtisadçı dollar satışının artmasına təsir edən digər amil kimi əhalinin gündəlik xərclərinin yüksəlməsini də göstərib: “Gəlirlərin artım tempi ilə xərclərin artım tempi arasında fərq yarandıqda vətəndaşlar gündəlik ehtiyaclarını qarşılamaq üçün əllərindəki dolları manata çevirərək xərcləməli olurlar. Bu amil də valyuta bazarında dollar təklifinin artmasına təsir göstərir”.

Bununla belə, Eldəniz Əmirov dollar satışının artmasını əhalinin maddi vəziyyətinin ciddi şəkildə pisləşməsi ilə birbaşa əlaqələndirmədiyini vurğulayıb: “Əvvəlki dövrlərdə xaricdən pul köçürmələri alan vətəndaşlar həmin vəsaiti çox vaxt dollar şəklində götürərək saxlayırdılar. O pul yastıq altında pula çevrilirdi. İndi isə xarici valyutada daxil olan pul köçürmələrinin böyük hissəsi manata çevrilir. Bu da valyuta bazarında dollar təklifini artıran amillərdən biridir. Mərkəzi Bankın manatın məzənnəsi və milli valyutanın mövqeyi ilə bağlı açıqladığı göstəricilər də əhalinin psixoloji baxımdan manata inamını gücləndirir. Nəticədə vətəndaşlar hazırkı şəraitdə dollardansa manata daha çox üstünlük verirlər”.

İqtisadçı əlavə edib ki, bu tendensiya bütün əhali qrupları üçün eyni deyil: “Daha böyük məbləğdə yığımları olan şəxslər vəsaitlərini yalnız bir valyutada saxlamaq əvəzinə, dollar, manat və qızıl arasında bölüşdürməyə üstünlük verə bilərlər”.