Bakı, 2 noyabr, AZƏRTAC SOCAR-ın 2021-ci ildə buraxdığı istiqrazlar üzrə 20-ci və sonuncu faiz ödənişi edilib. “SOCAR Capital”dan AZƏRTAC-a verilən məlumata görə, istiqraz sahiblərinin hesablarına ümumilikdə 1 milyon 125 min dollar köçürülüb. Bununla da bu buraxılış üzrə beş il ərzində investorlara ödənilən faizlərin cəmi 22,5 milyon dollara çatıb. İstiqrazların müddəti başa çatdığı üçün investorların yatırdığı 100 milyon dollar da tam şəkildə geri qaytarılıb.2021-ci il noyabrın 1-də tədavülə buraxılan istiqrazların illik faiz dərəcəsi 4,5 faiz olub. Faizlər hər üç aydan bir ödənilib.İlkin abunə yazılışı zamanı bu istiqrazlara 380 milyon 413 min dollar məbləğində tələb göstərilib (buraxılış həcminin təxminən 3,8 misli). Qeyd olunan istiqrazların təkrar bazarda alqı-satqı həcmi 85,4 milyon dollar təşkil edib, ümumilikdə isə 2025 əqd bağlanıb. Eyni zamanda, bu istiqrazlar üzrə 1 milyon 900 min dollar həcmində 24 repo əqdi həyata keçirilib. SOCAR istiqrazları Azərbaycanın korporativ istiqraz bazarında 25 faiz paya malikdir. SOCAR 2016-cı, 2021-ci və 2025-ci illərdə ümumilikdə 400 milyon dollar həcmində üç istiqraz buraxılışı həyata keçirib.10 ildən artıqdır ki, daxili kapital bazarlarının inkişafına töhfə verən və investorlar tərəfindən böyük maraqla qarşılanan SOCAR istiqrazlarının təkrar bazar dövriyyəsi 360 milyon dollara çatıb. Ümumilikdə isə 6000-dən çox əqd qeydə alınıb.Son ödənişlə birlikdə SOCAR İstiqrazlarının bütün buraxılışları üzrə investorlara ümumilikdə 65,5 milyon dollar faiz ödənilib.“Yaşıl” SOCAR İstiqrazları isə 2030-cu ilədək tədavüldə qalır. Bu istiqrazları 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən, həmçinin Azərbaycanda rəsmi fəaliyyət göstərən investisiya şirkətləri vasitəsilə əldə etmək mümkündür.