Azərbaycan dilinin 1 milyon sözlük korpusu yaradılıb – Çin univeristeti tərəfindən istifadəyə verildi

Çinin Pekin Xarici Dillər Universiteti (PXDU) tərəfindən müasir Azərbaycan ədəbi dilinin 1 milyon sözü əhatə edən “azGLOBE” korpusu istifadəyə verilib.

Oktyabrın 31-də istifadəyə verilən korpus universitetin Asiya fakültəsinin Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevin rəhbərliyi ilə hazırlanıb.

Layihənin hazırlanmasında kafedranın müəllim və tələbələri iştirak ediblər. Mətnlərin seçilməsində beynəlxalq dilçilik tədqiqatlarında istifadə olunan “Brown family corpora” modelinə əsaslanılıb.

Korpus dörd əsas mətn kateqoriyasını əhatə edir. Bunlara dövri mətbuat materiallarından ibarət publisistik, elmi mətnləri birləşdirən akademik, ədəbi əsərlərdən ibarət bədii və müxtəlif janrları əhatə edən qarışıq mətnlər daxildir.

“azGLOBE” Pekin Xarici Dillər Universitetinin professoru Sü Ciacinin (Xu Jiajin) rəhbərliyi ilə yaradılan “The GLOBE Corpus” beynəlxalq dil korpusları toplusunun tərkib hissəsidir. Hazırda bu topluya 51 dil daxildir.

Elektron korpus Azərbaycan dilinin leksik və qrammatik xüsusiyyətlərinin araşdırılması, dillərarası müqayisəli tədqiqatlar, lüğətlərin və tədris materiallarının hazırlanması üçün nəzərdə tutulub. Resursdan internet üzərindən ödənişsiz istifadə etmək mümkündür. Gələcəkdə korpusun söz ehtiyatının genişləndirilməsi planlaşdırılır.

Qeyd edək ki, Pekin Xarici Dillər Universitetində Azərbaycan dili ixtisası üzrə bakalavr hazırlığına 2018-ci ildə başlanılıb. Universitet 2026-cı ildə bu ixtisas üzrə magistratura pilləsinə də ilk dəfə tələbə qəbul edib. 2025-ci ildən isə universitet tərəfindən Azərbaycan dili üzrə açıq onlayn kurs istifadəyə verilib.