Gəncə, 2 noyabr, AZƏRTAC Aqrar Sığorta Fondunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) aqrar sığorta ekspertləri üçün keçirilən təlim proqramı yekunlaşıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, oktyabrın 26-dan başlayan təlimlər kənd təsərrüfatı sahəsində sığorta ekspertizası imkanlarının genişləndirilməsi, bu istiqamətdə mütəxəssislərin bilik və bacarıqlarının artırılması, eləcə də peşəkar ekspert bazasının formalaşdırılması məqsədi daşıyıb.Təlim proqramı heyvandarlıq və bitkiçilik olmaqla iki əsas istiqaməti əhatə edib. İştirakçılara aqrar sığorta mexanizmləri, kənd təsərrüfatı risklərinin qiymətləndirilməsi, dəymiş zərərin müəyyənləşdirilməsi və sahəvi ekspertiza qaydaları barədə ətraflı məlumat verilib.ADAU-nun tədris və praktiki imkanlarından istifadə edilməklə təşkil olunan məşğələlərdə iştirakçılar nəzəri biliklərini praktiki bacarıqlarla möhkəmləndiriblər. Proqramı uğurla başa vuran mütəxəssislər aqrar sığorta sistemində müstəqil ekspert kimi fəaliyyət göstərmək üçün zəruri bilik və bacarıqlara yiyələniblər. Müxbir - Elcan Məmmədov