"Rus işğalından sonra müxtəlif ölkələrdən kütləvi şəkildə Qərbi Azərbaycana köçürülən ermənilər ilk növbədə bu yerlərdəki əcdadlarımıza məxsus qeyri-müsəlman dini abidələrini ucdantutma ələ keçiriblər".
Bunu Qərbi Azərbaycan İcmasının (QAİ) sədri Əziz Ələkbəli "İrəvan qazılığının tarixi" kitabının təqdimatında deyib.
O qeyd edib ki, ermənilər Azərbaycanın tarixi torpaqlarında etnik təmizləmə apararaq azərbaycanlıların o yerlərdəki izlərini yox etməyə çalışıblar, məscidləri, pir, ocaq və ziyarətgahları, hətta qəbiristanlıqları da yer üzündən siliblər:
"Azərbaycan Zəfər qazansa da, Ermənistan dövləti və ermənilər Azərbaycan xalqına və dövlətinə qarşı dünyanın gözü qarşısında etdikləri cinayətlərə görə hələ də heç bir beynəlxalq təzyiq və tənbeh almayıblar, xalqımıza vurduqları zərərin əvəzini ödəməyiblər. Əksinə, həmişə dəstəkləniblər və bu gün də dəstəklənirlər. Bunun nəticəsidir ki, Qarabağ münaqişəsinin ilk mərhələsində – 1987-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın öz doğma evlərinə, ata-baba yurdlarına qayıdış hüququ Ermənistan dövləti tərəfindən hələ də tanınmır, üstəlik, Ermənistan dövləti qaçqınlarımızın bu haqlı tələbini hər vəchlə gündəlikdən çıxarmağa çalışır".
QAİ sədri daha sonra Ermənistan rəhbərliyinin Azərbaycanla sülh danışıqlarında səmim olmadığını vurğulayıb:
"Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhün əsas şərtinin hər iki xalqın birgəyaşayışı olduğunu nəzərə alsaq, onda aydın olur ki, Ermənistan rəhbərliyi Azərbaycanla sülh danışıqlarında qətiyyən səmimi deyil. Bunun gələcəkdə erməni xalqına verə biləcəyi hər hansı bir nəticəyə görə bütün məsuliyyət də bugünkü Ermənistan rəhbərliyinin, erməni kilsəsinin və erməni diasporunun üzərinə düşür".
Ə.Ələkbərlinin sözlərinə görə, "İrəvan qazılığının tarixi" kitabında tarixən Qərbi Azərbaycanda, o cümlədən İrəvan bölgəsində mövcud olmuş dini-təsisat orqanlarının və qazılıq institutunun yaranması, fəaliyyəti, tarixi inkişaf yolu ətraflı araşdırılmaqla yanaşı, XIX əsrdə çar Rusiyasının Cənubi Qafqazda, o cümlədən İrəvan bölgəsində yeritdiyi dini siyasətə də geniş yer verilib:
"Ümumiyyətlə, rus işğalından sonra müxtəlif ölkələrdən kütləvi şəkildə Qərbi Azərbaycana köçürülən ermənilər ilk növbədə bu yerlərdəki əcdadlarımıza məxsus qeyri-müsəlman dini abidələrini ucdantutma ələ keçiriblər. Onlar abidələri bərpa etmək adı ilə onları erməni-qriqorian kilsəsinə çeviriblər, sonra da bu yerlərin qədim sakinləri olmaları yalanını dünyaya yayıblar. Nəşr olunan bu kitabda Azərbaycan Xalq Cümhuriyyəti və sovet dövründə Cənubi Qafqaz Müsəlmanları İdarəsinin yenidən təsis edilməsi və İrəvan qazılığının fəaliyyəti, Azərbaycan Respublikasının yeni müstəqillik dövründə Qərbi Azərbaycan dini-mədəni irsinə dövlət qayğısı və İrəvan qazılığının bərpası məsələləri ətraflı şərh olunub".