Bakı, 2 noyabr, AZƏRTAC “İrəvan Qazılığının tarixi” kitabı Qərbi Azərbaycanın tarixi, mədəni və dini irsinin sənədləşdirilməsi, eləcə də tarixi həqiqətlərin elmi əsaslarla beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.AZƏRTAC xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) hazırladığı “İrəvan Qazılığının tarixi” kitabının Qərbi Azərbaycan İcması ilə birgə təqdimat mərasimində QMİ sədrinin müavini, fəlsəfə elmləri doktoru Qəmər Cavadlı deyib.Onun sözlərinə görə, kitab İrəvan bölgəsində dini-hüquqi idarəçiliyin tarixini, inkişaf mərhələlərini və müasir dövrdə tarixi varisliyini araşdıran mühüm elmi əsərdir. Nəşr, eyni zamanda, Qərbi Azərbaycanın tarixi və mədəni irsinin sənədləşdirilməsi istiqamətində aparılan tədqiqatlara əhəmiyyətli töhfə verir."Əsərin əsas üstünlüklərindən biri zəngin mənbəşünaslıq bazasına malik olmasıdır. Kitabın hazırlanması zamanı Azərbaycan, Gürcüstan, Türkiyə və Rusiyanın dövlət arxivlərində, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin arxivində saxlanılan sənədlər elmi dövriyyəyə cəlb edilib. Həmin materiallar İrəvan bölgəsində müsəlman dini icmalarının tarixi, dini idarəçilik ənənələri və dini təsisatların fəaliyyəti haqqında mühüm məlumatlar verir", - deyə Q.Cavadlı əlavə edib.Sədr müavini, həmçinin bildirib ki, kitabın ingilis dilində nəşri Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq elmi mühitdə və dünya ictimaiyyəti arasında tanıdılması üçün əlavə imkanlar yaradır.