Azərbaycanda qadınların rəhbərlik etdiyi ailələrdə xaricdən göndərilən pulların payı daha yüksəkdir

Azərbaycanda ev təsərrüfatlarının gəlir mənbələri ailə başçısının cinsinə görə fərqlənir. Başçısı qadın olan ailələrdə pensiya və xaricdən daxil olan pul vəsaitlərinin ümumi gəlirlərdə payı kişilərin başçılıq etdiyi təsərrüfatlarla müqayisədə daha yüksəkdir.

Banker.az saytının verdiyi məlumata görə, 2025-ci ildə başçısı qadın olan ev təsərrüfatlarında gəlirlərin 37 faizi muzdlu əmək fəaliyyəti, 26,9 faizi isə özünüməşğulluq hesabına formalaşıb. Başçısı kişi olan ev təsərrüfatlarında bu göstəricilər müvafiq olaraq 37,7 və 33,6 faiz təşkil edib.

Pensiya gəlirlərinin payında isə əks mənzərə müşahidə olunub. Başçısı qadın olan ev təsərrüfatlarında pensiyalar ümumi gəlirlərin 19,8 faizini, kişilərin başçılıq etdiyi təsərrüfatlarda isə 17,2 faizini təşkil edib.

Xaricdən daxil olan vəsaitlərin gəlirlərdə payı qadınların başçılıq etdiyi təsərrüfatlarda 3,7 faiz, kişilərin başçılıq etdiyi təsərrüfatlarda isə 1,2 faiz olub. Ölkə daxilində digər ailələrdən alınan vəsaitlərin payı isə müvafiq olaraq 9,1 və 6,8 faiz təşkil edib.

Beləliklə, kişilərin başçılıq etdiyi ev təsərrüfatlarında əmək və özünüməşğulluq gəlirləri daha böyük paya malik olduğu halda, qadınların başçılıq etdiyi təsərrüfatlarda pensiya və digər ailələrdən daxil olan vəsaitlərin xüsusi çəkisi yüksəkdir.

Bu göstəricilər gəlirlərin məbləğini deyil, müxtəlif mənbələrin ev təsərrüfatının ümumi gəlirində tutduğu payı əks etdirir.