Rusiya-Ukrayna müharibəsi Çin lideri Si Szinpin, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin danışıqlarında müzakirə mövzusu olmayacaq.
Bunu Almaniya Prezidenti Frank-Valter Ştaynmayer deyib.
Ştaynmayer bildirib ki, Pekin Ukraynadakı müharibəni müzakirə etmək üçün Vaşinqton və Moskva ilə üçtərəfli görüşün keçirilməsində maraqlı deyil.
Ştaynmayer Pekində keçirilən danışıqlar zamanı Çin lideri Szinpinlə belə bir görüşün keçirilməsi imkanını müzakirə edib:
"Onun fikrincə, hələlik ABŞ, Rusiya və Çinin iştirakı ilə Ukrayna məsələsinə dair sammitin hazırlanmasına dair heç bir əlamət yoxdur. O, bunun Avropaya aid münaqişə olduğunu və danışıqlar masası arxasında avropalıların da təmsil olunmasının vacibliyini açıq şəkildə vurğulayıb”.
Qeyd edək ki, Ştaynmayerlə Szinpin arasında görüş cümə günü Pekində baş tutub. Danışıqlardan sonra Almaniya prezidenti Berlinə qayıdıb.