84 yaşlı kişi Xersonda təhlükəli ərazidən çıxmaq üçün 6 kilometr piyada yol getdi

Ukraynanın Xerson şəhərində yaşayan 84 yaşlı Vasili Zayçenko Rusiya atəşləri səbəbindən təxminən yarım il təcrid vəziyyətində qaldıqdan sonra təhlükəli ərazidən piyada çıxaraq evakuasiya olunub.

Bu barədə Xerson Şəhər Hərbi Administrasiyası məlumat yayıb.

60 ildir Xersonda yaşayan kişi son altı ayı demək olar ki, tam təcrid şəraitində keçirib. Atəşlər gücləndiyi, istilik olmadığı üçün qışda evdə temperatur təxminən 8 dərəcə olub. O, həyətində yetişdirdiyi tərəvəz və sıyıqla dolanıb.

Evakuasiyadan əvvəl Vasili özü ilə yalnız fənər və telefon enerji yığma cihazı götürərək təxminən 6 kilometr təhlükəli ərazidən keçib. Könüllülərin köməyi ilə təhlükəsiz yerə çatdırılan kişini qızı və nəvəsi qarşılayıb. Ailə Dnepropetrovsk vilayətinin Nikopol şəhərinə yola düşüb.

22 noyabrda 85 yaşı tamam olacaq Vasili ən çox qələbə qazanılmasını və evinə qayıtmağı arzulayır.