Bakı, 31 oktyabr, AZƏRTAC Azərbaycan cüdoçuları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirini 5 medalla başa vurublar. Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, aktivində 2 qızıl, 1 gümüş və 2 bürünc mükafat olan millimiz 59 ölkə arasında ümumi komanda hesabında birinci yeri tutub.Yarışın son günündə +100 kiloqram çəki dərəcəsində mübarizə aparan Uşanqi Kokauri gümüş medala sahib çıxıb.Əvvəlki iki gündə Könül Əliyeva (-48 kiloqram) və Balabəy Ağayev (-60 kiloqram) turnirin qalibi olub, Rəşad Yelkiyev (-66 kiloqram) və Hidayət Heydərov (-73 kiloqram) isə bürünc mükafat qazanıblar.Əbu-Dabidə Azərbaycan qadın cüdosu üçün də tarixi nəticə qeydə alınıb. Könül Əliyeva Dünya Cüdo Turu yarışlarında çempion olan ilk azərbaycanlı qadın cüdoçu olub.Qeyd edək ki, oktyabrın 29-dan 31-dək keçirilən turnirdə 374 idmançı iştirak edib. Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda Azərbaycan 9 çəki dərəcəsində 12 cüdoçu (8 kişi, 4 qadın) ilə təmsil olunub.