Azərbaycan güləşçisi dünya çempionatında gümüş qazandı

Azərbaycanın sərbəst güləşçisi Arseni Cioyev Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında gümüş medal qazanıb.

86 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz final görüşündə dördqat dünya çempionu, ABŞ idmançısı Kayl Deykə məğlub olaraq ikinci yeri tutub.

Bu gün Azərbaycanın daha bir sərbəst güləşçisi Giorgi Meşvildişvili (125 kiloqram) üçüncü yer uğrunda görüşdə Macarıstan təmsilçisi Vladislav Baytsayevə qalib gələrək bürünc medal qazanıb.

Xatırladaq ki, daha əvvəl Azərbaycanın yunan-Roma güləşçiləri Eldəniz Əzizli (55 kiloqram) və Sənan Süleymanov (77 kiloqram) qızıl, Nihat Məmmədli (63 kiloqram) isə gümüş medal qazanıblar.

Dünya çempionatı oktyabrın 24-dən noyabrın 1-dək Astanadakı “Barys Arena” idman kompleksində keçirilir. Yarışlarda 135 ölkədən 900-dən çox idmançı iştirak edir. Proqrama yunan-Roma, sərbəst və qadın güləşi daxildir.