Azərbaycanda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Müxtəlif ölkələrin nümayəndələrini bir araya gətirən forumda mədəniyyətlərarası münasibətlərin inkişafı, qarşılıqlı anlaşma və qlobal qarşıdurmaların aradan qaldırılmasında dialoqun rolu müzakirə olunub.
Bəs forumun Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzuna necə təsir edir və bu cür platformalar dünyada mövcud olan siyasi, dini və mədəni ziddiyyətlərin aradan qaldırılmasına real töhfə verə bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Fəlsəfə və Sosiologiya İnstitutunun İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov bildirdi ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycanda keçirilməsi dövlətimizin beynəlxalq nüfuzu və mədəniyyətlərarası münasibətlərdəki mövqeyinə çox müsbət təsir edən hadisədir.
O, diqqətə çatdırdı ki, məhz bu kimi forumlarda tədbirin keçirildiyi ölkənin siyasəti, mənəviyyatı, düşüncələri, mədəniyyətlərarası dialoqla bağlı irəli sürmək istədiyi mövqelər açılır, müəyyən olunur və onu bütün dünya dövlətləri kütləvi informasiya vasitələri, media vasitəsilə bilirlər:
"Bu o deməkdir ki, Azərbaycanda bu tədbirin keçirilməsi Azərbaycanın müstəqil dövlət olaraq və müstəqil azadsevər cəmiyyət olaraq nə düşündüyü və qarşısına hansı məqsədləri qoyduğunu bir daha göstərdi. Bu proses, əlbəttə, təcrübə göstərir ki, uğurla gedir və bu uğurla getmək təcrübəsinin olması əsasında deyə bilərik ki, bu forumdan sonra da Azərbaycanın dünya miqyasında hörməti, nüfuzu artacaq, yəni onun təsir dairəsi genişlənəcək".
Füzuli Qurbanov müasir dünyada ziddiyyətlərin, siyasi, dini, mədəni ziddiyyətlərin mövcud olduğu bir şəraitdə bu kimi tədbirlərin praktiki əhəmiyyətindən də bəhs etdi:
"Forum nümunədir. Dünyaya nümunədir ki, Azərbaycan kimi ölkədə mədəniyyətlərarası dialoqa fundamental surətdə diqqət yetirirlər və dövlətin fəaliyyətində, cəmiyyətin dünyagörüşündə mədəniyyətlərarası dialoq xüsusi yer tutur. Azərbaycanın özündə müxtəlif etnik qruplar yaşayırlar və onların mədəniyyətləri, daşıdıqları mədəniyyətlər arasında mükəmməl bir vəhdət mövcuddur. Faktiki olaraq vahid Azərbaycan mədəniyyəti bunun hesabına meydana gəlmişdir və bu nümunə bütün dünyaya bir daha göstərə bilər ki, real səmimi dialoq həmişə uğura, inteqrasiyaya, birliyə və əməkdaşlığa aparır. Belə nəticə çıxarırıq ki, bu cür platformalar mövcud qarşıdurmaların azaldılmasına real töhfə verə bilər. Nəinki azaldılmasına, hətta onların diplomatiya vasitəsilə, danışıq vasitəsilə, dialoq vasitəsilə aradan qaldırılmasına real töhfə verə bilər".