“Kristal Bakı” ASC 2025-ci ildə səhmdarlarına 16 milyon manat dividend elan edib, bunun 8 milyon manatını ödəyib. Qalan 8 milyon manat ilin sonuna dividend öhdəliyi kimi balansda saxlanılıb.
Şirkətin illik hesabatına istinadən, səhmlərin hərəsinə 25%-i məxsus olan Fərid Nəbiyev və Araz Nəbiyevə ayrı-ayrılıqda 4 milyon manat ödənilib. Şirkətin 50%-lik səhmdarı Pərviz Vəliyev üzrə isə 8 milyon manat dividend öhdəliyi qalıb.
Dividendin elan edilməsi barədə qərar səhmdarların 10 dekabr 2025-ci il tarixli ümumi yığıncağında qəbul olunub. Qərarda vəsaitin 2023 və 2024-cü illərin xalis mənfəətindən ayrıldığı göstərilir. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə təqdim olunan kapitalda dəyişikliklər hesabatında isə həmin illər üzrə müvafiq olaraq 15,45 milyon manat və 3,28 milyon manat zərər əks olunub.
2025-ci ildə şirkət 8,25 milyon manat mənfəət əldə edib. Elan edilmiş 16 milyon manat dividendin kapitaldan çıxılması nəticəsində yığılmış zərər 23,2% artaraq 41,16 milyon manata çatıb.