24 manata çörək

Bakıda xüsusi növ çörəklərin qiyməti diqqət çəkir. Qlutensiz ağ çörək 8, kəpəkli toz çörəyi 20, qabıqlı çörək isə 21 manata təklif olunur. İtaliya mənşəli çiabatta çörəyinin qiyməti İtaliyada 2-4 manat olduğu halda, Bakıda 24 manata satılır. Sakinlərin fikirləri isə fərqlidir: bəziləri baha çörəklərin keyfiyyətli olduğunu düşünsə də, digərləri qiymətləri əsassız hesab edir.

Mütəxəssislər bildirirlər ki, xüsusi çeşidli çörəklərin qiyməti əsasən bazar tələbi, istehsal xərcləri, marketinq və satış məkanından asılıdır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, zavod və sosial çörəklər istisna olmaqla, digər çörəklərin qiyməti dövlət tərəfindən tənzimlənmir və sahibkarlar tərəfindən sərbəst müəyyən edilir.

Mütəxəssislər istehlakçılara çörək alarkən yalnız qiymətə deyil, məhsulun tərkibinə, mənşəyinə və etiket məlumatlarına diqqət yetirməyi tövsiyə edirlər. Qlutensiz çörək isə əsasən çölyak xəstəliyi və qlüten həssaslığı olan şəxslər üçün zəruridir. Qida Təhlükəsizliyi Agentliyi də bildirir ki, məhsulun etiketində tərkib və qida əlavələri barədə məlumatlar aydın göstərilməli, istehlakçıda yanlış təsəvvür yaradılmamalıdır.

Ətraflı "APA TV"-nin videomaterialında: