Ağdam. Trend:
Cəbrayıl rayonunda illik 5-6 milyon ting istehsal etmək gücündə olan Beynəlxalq Meşə Təlimi Mərkəzi yaradılacaq.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, bunu Ekoloji məsələlər üzrə İşçi qrupunun rəhbəri Vüqar Kərimov Ağdamda keçirilən İşçi qrupunun iclasında deyib.
Onun sözlərinə görə, mərkəzdə meşə cinsləri, iqlim şəraitinə uyğun ağac növləri və qiymətli ağac tingləri yetişdiriləcək. Burada 2 milyon tingin yetişdirilməsi mümkün olacaq.
Qeyd edək ki, Ağdam şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilir.
İclasda İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdərə, Xocalı, Şuşa, Laçın, Kəlbəcər rayonlarında və Xankəndi şəhərində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin, eləcə də Bərpa, Tikinti və İdarəetmə xidmətlərinin nümayəndələri iştirak edirlər.
Görüşdə işğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələrinin həyata keçirilməsi və yaşıllıqların götürülməsi ilə əlaqədar ekoloji tələblərin icra vəziyyəti müzakirə olunur.