“Atam 40 dəqiqə əvvəl keçindi, çox ağır xəbərdir”- Zaur Rzayevin oğlu atası…

“Atam 40 dəqiqə öncə bu dünyaya gözlərini əbədi yumdu.. Bu bizim üçün olduqca ağrılı və kədərli bir xəbərdir. Uzun müddət idi ki, vəziyyəti çox pis idi. Bir neçə gün idi ki, reanimasiyada idi. Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsində keçindi. Allah bütün ölənlərə rəhmət etsin”.

Bunu açıqlamasında Xalq artisti Zaur Rzayevin oğlu, opera müğənnisi Azər Zadə deyib.

O daha sonra atasının harada dəfn olunması ilə bağlı suala belə cavab verib:

“Sabah dəfn olunacaq. Harada dəfn olunacağı, cənazəsinin haradan götürüləcəyi haqda müəyyən şəxslərlə müzakirələr edirik. Detalları yaxın saatlarda yəqin ki, mətbuata açıqlayacağıq” deyə o bildirib.

Qeyd edək ki, Xalq artisti Zaur Rzayevin uzun müddətdir səhhətində problemlər yaranmışdı. Müğənni daim Azərbaycan incəsənətinin keşiyində dayanıb, musiqimizi xarici ölkələrdə təmsil edib. Müğənni 1994-cü ildə Azərbaycan Silahlı Qüvvələri Mahnı və Rəqs Ansamblının rəhbəri kimi çalışmağa başlayıb. 1998-ci ildə “Əməkdar artist”, 2003-cü ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. Sənətkar həmçinin Dağıstan Respublikasının da “Xalq artisti” fəxri adını daşıyırdı. Allah rəhmət etsin!