"Whatsapp" istifadə edən hər kəsə diqqətli olsun! - Əgər sizə belə mesaj gəlsə...

WhatsApp” və “WhatsApp Business” istifadəçilərinin hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi halları artıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) bununla bağlı vətəndaşlara xəbərdarlıq edərək, şəxsi hesabların qorunması üçün təxirəsalınmaz təhlükəsizlik tədbirlərinin görülməsinin vacibliyini vurğulayıb.

Bəs kiberdələduzlar istifadəçilərin hesablarını hansı üsullarla ələ keçirirlər? Bəs bank məlumatları hansı təhlükələrlə üzləşə bilər və hesabların təhlükəsizliyini qorumaq üçün nələrə diqqət edilməlidir?

Məsələ ilə bağlı News24.az-a danışan informasiya təhlükəsizliyi üzrə mütəxəssis Saməddin Qədimov bildirib ki, kiberdələduzlar mobil nömrələri müxtəlif sızmış məlumat bazalarından əldə edərək həmin nömrələrlə əlaqəli hesablara giriş etməyə çalışırlar:

"Hesabların qorunmasında əlavə təhlükəsizlik mexanizmlərinin aktivləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Xüsusilə çoxfaktorlu autentifikasiyadan (MFA) istifadə edilməməsi kiberdələduzların işini asanlaşdıra bilər. Ən asan hədəf çoxfaktorlu autentifikasiya (MFA) tətbiq edilməyən hesablardır. Çünki şifrə sızdığı halda hücumçu əlavə təsdiq mərhələsi olmadan hesaba daxil ola bilər. Əlavə təhlükəsizlik mexanizmləri isə hesabın qorunmasını gücləndirir və icazəsiz giriş ehtimalını azaldır”.

Ekspert qeyd edib ki, Meta kimi platformalar şübhəli giriş cəhdlərini avtomatik aşkarlamaq, uğursuz cəhdlərin sayını məhdudlaşdırmaq, həmçinin risk altında olduğu müəyyən edilən hesabları müvəqqəti bloklamaq və yoxlamaq üçün müxtəlif təhlükəsizlik mexanizmlərindən istifadə edir:

"Bu tədbirlər hücumların qarşısını almağa və onların miqyasını azaltmağa kömək etsə də, bütün riskləri aradan qaldırmır. Kiberdələduz hesabı ələ keçirməyə nail olduqdan sonra təhlükənin miqyası daha da genişlənə bilər. Belə ki, hesabda mövcud olan yazışmalar, fotoşəkillər, sənədlər və əlaqə siyahısı hücumçunun əlinə keçə bilər. Əldə olunan məlumatlardan isə müxtəlif məqsədlərlə istifadə edilə bilər. Bu məlumatlar şantaj, istifadəçinin dostlarına və yaxınlarına saxta mesajlar göndərməklə fişinq hücumları həyata keçirmək, yaxud bank məlumatlarına yönəlmiş hücumlar üçün istifadə oluna bilər. Bundan başqa, mobil nömrə ilə əlaqəli digər xidmətlərə girişin bərpası da təhlükə altına düşə bilər”.

O bildirib ki, hesabın ələ keçirilməsi yalnız bir tətbiqlə məhdudlaşan problem deyil:

"Əgər həmin telefon nömrəsi digər rəqəmsal xidmətlərdə də qeydiyyat və hesab bərpası üçün istifadə olunursa, kiberdələduzlar bu imkanlardan yararlanmağa cəhd göstərə bilərlər. Bu səbəbdən istifadəçilər yalnız “WhatsApp” hesablarının deyil, mobil nömrələri ilə əlaqəli digər hesablarının da təhlükəsizliyinə diqqət yetirməlidirlər".