"Lənkəranski"nin "qan düşməni"nə 13 il cəza İSTƏNİLDİ

Rusiyanın Sverdlovsk vilayət məhkəməsində kriminal aləmdə “Giya Sverdlovski” ləqəbi ilə tanınan Georgi Akoyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Dövlət ittihamçısı onun 13 il xüsusi rejimli cəzaçəkmə müəssisəsində həbs olunmasını və 3 milyon rubldan çox cərimələnməsini istəyib.

Prokuror cəzanın ilk üç ilinin həbsxanada çəkilməsini tələb edib.

Akoyev cinayətkar iyerarxiyada ən yüksək mövqe tutmaqda ittiham olunur. Rusiya mediası onu Ural bölgəsinin sonuncu “qanuni oğru”su adlandırır.

İstintaqın məlumatına görə, Georgi Akoyev 2008-ci ilin noyabrında quldurluq cinayətinə görə həbsdə olarkən “qanuni oğru” adı alıb. Onun “taclandırılması” kriminal aləmdə “Timur Sverdlovski” kimi tanınan Timur Mirzoyevin himayəsi ilə baş tutub.

Qeyd edək ki, Timur Mirzoyev kriminal aləmin ən nüfuzlu şəxslərindən biri olmuş Aslan Usoyanın (“Ded Xasan”) qardaşı oğludur.

Xatırladaq ki, “Ded Xasan”ın bacısı oğlu sayılan “Giya Sverdlovski” dayısına görə mərhum azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskini özünün “qan düşməni” elan edib.