Hörmətli cənab Prezident!

Mən Böyük Britaniya vətəndaşıyam və təqaüdçüyəm. Hazırda İspaniyada yaşayıram.

Bu il həyat yoldaşım Davidlə birlikdə Bakıda keçirilən Formula-1 üzrə Azərbaycan Qran-prisini izləmək üçün ölkənizə səfər etdik.

10 gün Bakı şəhərinin görməli yerlərini gəzdik, dadlı yeməklərinizi daddıq. Ölkənizi, şəhəri və mətbəxinizi çox bəyəndik.

Yarışları izlərkən səhhətimdə yaranan problemlə bağlı polislərin, mühafizəçilərin, könüllülərin, tibbi işçilərinin qayğısını gördüm. Mən özümü yaxşı hiss edənə və otelə qayıtmaq iqtidarında olana qədər məni tək qoymadılar, nəvaziş göstərdilər.

Peşəkar yanaşmaya, göstərilən mehribanlığa, şəhərinizdən aldığım gözəl təəssüratlara görə təşəkkür edirəm.

Səmimi hörmət və xoş arzularla,

Şantal Vaythaus

İspaniya Krallığı, Deniya şəhəri.