Bakı, 29 oktyabr, AZƏRTAC Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda müxtəlif dinlərin və fəaliyyət sahələrinin nümayəndələrinin fikir mübadiləsi aparmaq, aktual məsələləri müzakirə etmək üçün bir araya gəlməsi insanların bir-birini daha yaxşı anlamasına və dinləməsinə ümid yaradır.Bu fikirləri AZƏRTAC-a müsahibəsində Estoniya Müsəlmanları Müftiliyinin rəhbəri, müfti İldar Məhəmmədşin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində deyib.Onun sözlərinə görə, bu gün dünya bir çox qlobal problemlərlə üzləşir. Buna görə də müxtəlif dinlərə mənsub insanlar arasında dialoqun qurulması və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır.Süni intellektin din sahəsinə təsirindən danışan müfti qeyd edib ki, bu texnologiya elmi fəaliyyət və məlumat axtarışı üçün faydalı ola bilər. Bununla belə, o xəbərdarlıq edib ki, dini yeni öyrənməyə başlayan və yalnız süni intellektə güvənən insanlar yanlış məlumatlar əldə edə bilərlər.İ.Məhəmmədşin vurğulayıb ki, süni intellektdən ehtiyatla istifadə etmək, onu insanı əvəz edən vasitə kimi deyil, köməkçi alət kimi qəbul etmək lazımdır. Müxbir – Pərvanə Qafarova