Azərbaycanda məktəblərdə “TikTok”a giriş necə məhdudlaşdırılıb?…

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov bu ay Bakıda "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda deyib ki, Azərbaycanda məktəblərdə “TikTok”a çıxış məhdudlaşdırılıb.

Nazir müavini qeyd edib ki, məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub: "Həmin görüntülər cinayət, narkotik, şiddət və s. məzmunlar daşıyırdı. Təbii ki, bu məhdudlaşma təkcə məktəblə bitməməlidir. Ailədə də uşaqların bu kimi məzmunlardan və platformalardan uzaq durmasına nəzarət edilməlidir".

Məktəblərdə "Tiktok"a çıxış hansı üsullarla məhdudlaşdırılıb? Eyni zamanda 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə məhdudiyyət necə qoyulub? Bu addımlar hansı texniki mexanizmlərlə həyata keçirilib?

Medianews.az belə bir sorğu ilə Elm və Təhsil Nazirliyinə müraciət edib.

Nazirliyin mətbuat xidməti sorğuya cavabında bildirib: “Hazırda ölkənin ümumtəhsil müəssisələrində şagirdlər onlayn süzgəcləmə imkanları sayəsində internetdən tam təhlükəsiz qaydada istifadə edirlər. Bu proses mütəmadi olaraq hər il həyata keçirilir. Xidmətin iş prinsipi ondan ibarətdir ki, onlayn axtarış sistemlərində müxtəlif dillərdə onlarla kateqoriya üzrə zərərli informasiyanın axtarışı məhdudlaşdırılır və təhsilalanların arzuolunmaz veb-məzmunlardan maksimal müdafiəsi təmin olunur. Bu isə öz növbəsində uşaq psixikasının internetin zərərli təsirlərindən qorunması ilə yanaşı, tədris prosesində şagirdlərin diqqətinin yalnız faydalı məzmunlar üzərində cəmlənməsinə xidmət edir”.

Məsələ ilə bağlı təhsli eksperti Məzahir Məmmədli Medianews.az-a deyib ki, məktəb ərazilərində sosial şəbəkələrin istifadəsinə müəyyən məhdudiyyətlər var. Ancaq M.Məmmədli onu da qeyd edib ki, süni intellektin geniş yayıldığı bir dövrdə məhdudiyyətlər tam effekt verməyə də bilər: “Ona görə düşünürəm ki, məsələ daha geniş çərçivədə həll olunmalıdır, təkcə Elm və Təhsil Nazirliyi səviyyəsində həllər kifayət etməyə də bilər. Xüsusilə “TikTok”a məhdudiyyətin olması çox vacibdir, çünki Azərbaycan mentalitetinə yad, Azərbaycan gəncliyinin şüuruna mənfi təsir göstərən məzmunların əksəri demək olar bu platforma vasitəsilə yayılır”.