ABŞ-də nüvə laboratoriyası yandı: Fövqəladə vəziyyət elan olundu

ABŞ-nin Cənubi Karolina ştatında yerləşən “Savannah River” Milli Laboratoriyasında yanğın baş verib. Hadisə ilə əlaqədar müəssisədə fövqəladə vəziyyət elan edilib.

Bu barədə “Savannah River Site” (SRS) müəssisəsinin rəsmi açıqlamasında bildirilib.

Məlumata görə, laboratoriyada yanğın barədə məlumat daxil olduqdan sonra müvafiq tədbirlər görülüb və yanğın söndürülüb. Aparılan radioloji yoxlamalar zamanı aşkar edilə bilən səviyyədə radioaktiv çirklənmə qeydə alınmayıb.

Hadisə ilə əlaqədar ABŞ Federal Aviasiya Administrasiyası (FAA) bölgədə müvəqqəti uçuş məhdudiyyətlərinin tətbiq olunduğunu açıqlayıb. Qurum məhdudiyyətlərə səbəb kimi ərazidə baş vermiş nüvə xarakterli hadisəni göstərib.

İlkin məlumatlara əsasən, hadisə zamanı bir əməkdaş yüngül xəsarət alıb və xəstəxanaya aparılıb.

Yanğının başvermə səbəbi, mümkün sızmanın xarakteri və miqdarı ilə bağlı ətraflı məlumat hələlik açıqlanmayıb.

Hadisənin təfərrüatları araşdırılır.