Bakıda inanılmaz dələduzluq: Vətəndaşı qorxudub 30 minlik kredit götürtdürdülər

Sosial şəbəkələrdə WhatsApp vasitəsilə vətəndaşları hədəf alan daha bir iri məbləğli dələduzluq faktı barədə xəbərdarlıq paylaşılıb.

Zərərçəkən şəxsin övladının verdiyi məlumata görə, dələduzlar valideyninə zəng edərək özlərini təhlükəsizlik xidmətinin əməkdaşları kimi təqdim ediblər.

Dələduzlar zərərçəkənə adından Rusiyaya pul köçürüldüyünü, həmin vəsaitlə silah alınaraq Ukraynadakı hərbi əməliyyatlarda tətbiq edildiyini bildiriblər. Zəng edənlər “bu vəziyyətin qarşısını almaq” üçün ümumilikdə 50 min manat ödənilməli olduğunu tələb ediblər.

Qorxu və psixoloji təzyiq altında qalan vətəndaş bankdan 30 min manat məbləğində kredit götürərək, zəng edənlərin təqdim etdiyi hesablara MilliÖN terminalları vasitəsilə köçürüb. Hadisədən 2–3 gün keçdikdən sonra həmin şəxslərlə əlaqə kəsildikdə vətəndaş aldadıldığını anlayıb və hüquq-mühafizə organlarına (DTX) müraciət edib.

Hazırda zərərçəkən tərəf köçürülən məbləğin geri qaytarılması və bank kreditinin dondurulması istiqamətində hüquqi addımlar atır. /Yeni Sabah/