"Wizz Air" Bakıdan Bratislavaya birbaşa uçuşlara başlayıb

Oktyabrın 28-də Avropanın aparıcı aşağıbüdcəli aviaşirkətlərindən biri olan "Wizz Air" Bratislavadan Bakıya ilk birbaşa reysini həyata keçirib.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

Bakı–Bratislava marşrutu üzrə uçuşlar qış mövsümündə həftədə iki dəfə - çərşənbə və şənbə günləri həyata keçiriləcək. Bakıdan Bratislavaya birbaşa uçuşun müddəti təxminən 4 saat 30 dəqiqədir.

Məlumata əsasən, yeni marşrut aşağıbüdcəli səyahət modelinə üstünlük verən sərnişinlər üçün Mərkəzi Avropaya yeni alternativ təqdim edir və Bratislavanı Bakıdan birbaşa uçuşla əlçatan olan Avropa paytaxtları sırasına əlavə edir.

Bildirilib ki, Dunay sahilində yerləşən Bratislava kompakt tarixi mərkəzi, Bratislava qalası, qastronomiyası və rahat şəhər atmosferi ilə qısa Avropa səfərləri üçün cəlbedici istiqamətdir. Hava limanının şəhər mərkəzindən cəmi 9 kilometr məsafədə yerləşməsi səfəri daha rahat edir.

"Yeni istiqamət Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişinlər üçün birbaşa uçuş imkanlarını genişləndirmək, fərqli səyahət və tarif seçimləri təqdim etmək, eləcə də Bakının Avropa şəhərləri ilə hava bağlantılarını gücləndirmək istiqamətində həyata keçirdiyi işlərin davamıdır. Uçuş cədvəli, aviabiletlər, baqaj qaydaları və digər xidmətlər barədə ətraflı məlumatı "Wizz Air" aviaşirkətinin rəsmi satış kanallarından əldə etmək mümkündür", - məlumatda qeyd olunub