Qadınlar və kişilər arasında əməkhaqqı fərqinin ən böyük olduğu SAHƏLƏR – SİYAHI

Əməkhaqqı insanların sosial rifahını və həyat səviyyəsini müəyyən edən əsas amillərdən biridir.

2025-ci ildə iqtisadi fəaliyyət növləri və cins üzrə orta aylıq nominal əməkhaqqına dair göstəricilər qadınlarla kişilərin qazancı arasında fərqlərin mövcud olduğunu göstərir.

Məlumatlara əsasən, 2025-ci ildə qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin əməkhaqqı isə 1264 manat təşkil edib.

Beləliklə, qadınların orta aylıq nominal əməkhaqqı kişilərin əməkhaqqının 69,2 faizinə bərabər olub. Başqa sözlə, qadınların orta aylıq əməkhaqqı kişilərin qazancından 389,4 manat az olub.

Əməkhaqqı fərqinin ən çox peşə, elmi və texniki fəaliyyət, maliyyə və sığorta fəaliyyəti, eləcə də emal sənayesi sahələrində nəzərə çarpdığını göstərir. Peşə, elmi və texniki fəaliyyət sahəsində qadınların orta aylıq əməkhaqqı 1224,3 manat, kişilərin əməkhaqqı isə 2349 manat olub. Bu sahədə qadınların qazancı kişilərin qazancının cəmi 52,1 faizini təşkil edib. Beləliklə, qadınlarla kişilər arasında aylıq əməkhaqqı fərqi 1124,7 manata çatıb. Maliyyə və sığorta fəaliyyəti sahəsində də ciddi fərq müşahidə olunur. Burada qadınların orta aylıq nominal əməkhaqqı 2016,8 manat, kişilərin əməkhaqqı isə 3437,8 manat olub. Qadınların əməkhaqqı kişilərin əməkhaqqının 58,7 faizinə bərabərdir. Bu isə aylıq 1421 manatlıq fərq deməkdir.

Məbləğ baxımından təqdim olunan sahələr arasında ən böyük fərq məhz maliyyə və sığorta fəaliyyətində qeydə alınıb.

Emal sənayesində qadınlar orta hesabla 675,8 manat, kişilər isə 1130,1 manat əməkhaqqı əldə ediblər. Qadınların qazancı kişilərin qazancının 59,8 faizini təşkil edib. İki cins arasındakı aylıq fərq 454,3 manat olub. Digər sahələrdə xidmətlərin göstərilməsində də fərq nəzərə çarpır. Belə ki, qadınların orta aylıq əməkhaqqı 950,8 manat, kişilərin əməkhaqqı isə 1496,8 manat təşkil edib. Bu sahədə qadınların qazancı kişilərin qazancının 63,5 faizinə bərabər olub.

Bununla yanaşı, əməkhaqqı fərqinin nisbətən az olduğu sahələr də mövcuddur.

Təhsil sahəsində qadınların orta aylıq nominal əməkhaqqı 788,2 manat, kişilərin əməkhaqqı isə 875 manat olub. Bu sahədə qadınların qazancı kişilərin qazancının 90,1 faizinə bərabərdir.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində bu göstərici 89,2 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində isə 89,1 faiz təşkil edib. Bu nəticələr həmin sahələrdə qadınlarla kişilərin orta əməkhaqqı göstəricilərinin bir-birinə daha yaxın olduğunu göstərir.

Günay Şahmar, Bizim.Media