Bakıda noyabrın 5-6-da baş tutacaq "ASAN xidmət" və BMT-nin beynəlxalq sammitində 70-dən çox ölkədən 200-ə yaxın qonaq iştirak edəcək.
Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev brifinqdə deyib.
Onun sözlərinə görə, sammitdə BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini, təşkilata üzv ölkələrin nazirləri və yüksək səviyyəli rəsmiləri, beynəlxalq və regional təşkilatların rəhbər vəzifəli şəxsləri, inkişaf tərəfdaşları, eləcə də özəl sektorun və akademik dairələrin təmsilçiləri iştirak edəcəklər:
"Sammit 2024-cü ilin noyabr ayında Azərbaycan hökuməti ilə BMT arasında imzalanmış Töhfə Sazişinin icrası çərçivəsində təşkil olunacaq. Dövlət idarəçiliyi sahəsində innovasiyalar, dövlət sektorunun transformasiyası, dövlət xidmətlərinin innovativ və inteqrasiya olunmuş qaydada göstərilməsi üçün çoxşaxəli yanaşmaların tətbiqi ilə bağlı Azərbaycanda həyata keçirilən islahatlar və "ASAN xidmət" ilə tanışlıq, habelə bu sahədə Cənub–Cənub, Şimal–Cənub və üçtərəfli əməkdaşlıq kimi mühüm mövzuların müzakirəsi nəzərdə tutulur".
M.Xudaverdiyev əlavə edib ki, Töhfə Sazişinin məqsədi "ASAN xidmət" təcrübəsinin BMT tərəfindən 4 qitədə təbliği və bu istiqamətdə beynəlxalq tədbirlərin təşkilidir:
"O cümlədən BMT-yə üzv olan ən az inkişaf etmiş ölkələrin (LDC), dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) və inkişaf etməkdə olan kiçik ada ölkələrinin (SIDS) dövlət qulluqçuları üçün qabaqcıl idarəetmə, dövlət xidmətlərinin göstərilməsi və "ASAN xidmət" modelinin tətbiqi sahələrində müxtəlif təlimlərin təşkili əsas hədəflərdir. Ötən dövr ərzində layihənin icrası çərçivəsində BMT tərəfindən "ASAN xidmət" təcrübəsinin beynəlxalq səviyyədə təşviqi məqsədilə Nyu-Yorkdakı mənzil-qərargahında, Afrika qitəsində yerləşən ölkələr üzrə Afrika İttifaqının mənzil-qərargahında, Karib hövzəsində yerləşən ölkələr üzrə Dominikan Respublikasında beynəlxalq tədbirlər təşkil olunub".