Rusiya Azərbaycanın antiinhisar pozuntuları üzrə təklifini dəstəkləyib

Azərbaycan dövlət satınalmalarına və onların həyata keçirilməsi zamanı antiinhisar qanunvericiliyinin potensial pozuntularına dair məsələləri nəzərdən keçirməyi təklif edib.

"Report"un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Rusiyanın Federal Antiinhisar Xidməti rəhbərinin müavini Sergey Puzırevski MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası çərçivəsində bildirib.

"Biz bu təşəbbüsü dəstəklədik və həmin məsələ üzərində birgə işləmək niyyətindəyik. Hazırkı mərhələdə əsas istiqamətlərin siyahısını müəyyən edəcəyik. Bu istiqamətlərə satınalmalarda iştiraka icazə, onların keçirilmə şərtləri, həmçinin satınalma prosedurlarının iştirakçıları arasında mümkün kartel sövdələşmələri aiddir. Biz konkret aspektləri seçərək növbəti görüşdə müzakirə edəcəyik", - o qeyd edib.

S.Puzırevski deyib ki, qeyd olunan mövzu antiinhisar orqanları üçün çox aktualdır, çünki bilavasitə rəqabətin məhdudlaşdırılması, əhəmiyyətli büdcə xərcləri və kiçik biznesin iri satınalma prosedurlarında iştiraka çıxışının təmin edilməsi məsələlərini əhatə edir: "Bu istiqamət artıq iclasın protokolunda qeyd olunub. Müvafiq məruzənin məzmunu və strukturu üzrə konkret təkliflərin növbəti görüşdə ətraflı şəkildə nəzərdən keçirilməsi planlaşdırılır".

Azərbaycan MDB çərçivəsində dövlət satınalmaları sahəsində antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı müzakirələrin aparılması təşəbbüsü ilə çıxış edib.