Azərbaycanda sığorta şirkətlərinin kapitalının hesablanması qaydası dəyişəcək. Bu sığorta sektorunda “Solvency II” tələblərinin yaxın aylarda tətbiqi ilə əlaqədardır.
Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov pul siyasəti qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hazırda sektorda “Solvency I” yanaşması tətbiq olunur. “Solvency II”yə keçid çərçivəsində kapitalın hesablanması qaydası dəyişəcək.
AMB sədri qeyd edib ki, aparılan simulyasiyalar yeni tələblərin tətbiqi nəticəsində sığorta şirkətlərində kapital çatışmazlığının yaranacağını göstərmir. O, bunu sektorun kifayət qədər yüksək kapitala malik olması ilə əlaqələndirib.
Taleh Kazımov yeni yanaşmanın mahiyyəti və mövcud tələblərdən fərqləri barədə media nümayəndələri üçün maarifləndirmə tədbirinin də keçiriləcəyini bildirib.