ABŞ-ın süni intellekt texnologiyalarının hazırlanması sahəsində fəaliyyət göstərən “Anthropic” şirkəti hüquqşünaslar üçün nəzərdə tutulmuş “Claude for Legal” platformasının imkanlarını genişləndirib. Yeni alətlər hüquqi sənədlərin yoxlanılması, müqavilələrin təhlili və qanunvericilikdəki dəyişikliklərin izlənilməsi kimi işlərin avtomatlaşdırılmasına imkan verir.
Bu barədə şirkətin oktyabrın 28-də yaydığı rəsmi açıqlamada bildirilir.
“Anthropic” hüquqşünasların gündəlik işlərində istifadə edə biləcəkləri interaktiv alətlər toplusunu – “Artifacts” sistemini təqdim edib. Bu alətlər hüquqi şöbələrin mövcud iş proseslərinə uyğunlaşdırıla və əməkdaşlar arasında paylaşıla bilər.
Yeni funksiyalardan biri hüquqi sənədlərdə istinadların avtomatik yoxlanılmasıdır. Sistem mətnləri ilkin mənbələrlə müqayisə edərək yanlış sitatları, səhv səhifə nömrələrini və mənbə ilə təsdiqlənməyən iddiaları müəyyənləşdirir.
Digər alət müxtəlif ölkələrin və regionların qanunvericiliyini müqayisə etməyə imkan verir. Məsələn, şirkət bir neçə ölkədə fərdi məlumatların qorunması qaydalarını vahid cədvəldə təhlil edə bilər.
Platforma həmçinin müqavilələrdə standart şərtlərdən kənarlaşmaları müəyyənləşdirir, tərəflərin öhdəliklərini izləyir və qüvvəyə minəcək yeni normativ aktlar barədə məlumatları sistemləşdirir.
“Anthropic” bu həllərin hazırlanmasında ABŞ-ın hüquqi texnologiyalar sahəsində fəaliyyət göstərən “Harvey” şirkəti, beynəlxalq hüquq xidmətləri göstərən “Goodwin” və “Foley & Lardner” şirkətləri, eləcə də beynəlxalq audit və konsaltinq şəbəkəsi “PwC” ilə əməkdaşlıq edib.
Şirkətin məlumatına görə, “Claude for Legal” istifadəyə verildikdən sonra platformaya 60-dan çox hüquqi məlumat və proqram təminatı inteqrasiyası əlavə olunub.
Yeni alətlər təşkilatların mövcud məlumatlara giriş icazələrini və təhlükəsizlik qaydalarını qoruyur. İstifadəçilər hüquqi sənədləri öz sistemlərindən birbaşa təhlilə təqdim edə bilirlər.
Bununla belə, şirkət süni intellektin hazırladığı ilkin nəticələrin hüquqşünas tərəfindən yoxlanılmasının vacibliyini vurğulayır.
Hüquq sahəsində süni intellekt bazarında rəqabət də güclənir. ABŞ-ın texnologiya şirkətləri “Google” və “Microsoft”, həmçinin Kanadanın hüquqi informasiya və peşəkar xidmətlər göstərən “Thomson Reuters” şirkəti də bu istiqamətdə ixtisaslaşmış həllərini inkişaf etdirirlər.
“Anthropic” yeni təşəbbüs çərçivəsində hüquqi yardıma çıxışın genişləndirilməsi üçün qeyri-kommersiya təşkilatlarını və hüquq təhsili proqramlarını dəstəkləyəcəyini də açıqlayıb.