Bu vitamin yaddaşı qoruyur

E vitamini şəkərli diabet xəstələrində beyin hüceyrələrini zədələnmədən qorumağa, yaddaş və düşünmə qabiliyyətinin zəifləməsi riskini azaltmağa kömək edə bilər.

Bu qənaətə Çinin alimləri “Frontiers in Nutrition” jurnalında dərc olunan araşdırmalar icmalında gəliblər.

Şəkərli diabet yaddaşın, diqqətin və informasiyanı emal etmək qabiliyyətinin zəifləməsi ilə müşayiət oluna bilər. Alimlər bu problemlərin inkişafını xroniki iltihab, oksidləşdirici stress, insulinin təsirinin pozulması və sinir hüceyrələrinin zədələnməsi ilə əlaqələndirirlər.

Tədqiqatçılar E vitamininin bu proseslərə təsirini araşdıran elmi işləri təhlil ediblər. Yağda həll olan bu vitamin antioksidant xüsusiyyətlərə malikdir və hüceyrə membranlarını sərbəst radikalların yaratdığı zədələnmələrdən qorumağa kömək edir.

Laboratoriya təcrübələri və heyvanlar üzərində aparılan tədqiqatlar E vitamininin bəzi formalarının sinir toxumasında oksidləşdirici stressi və iltihabı azalda biləcəyini göstərib. Bundan əlavə, həmin maddələrin neyronlar arasındakı əlaqələri dəstəkləyə, hüceyrələrin insulinə həssaslığına və beyin damarlarının fəaliyyətinə təsir göstərə biləcəyi qeyd olunub.

Müəlliflərin fikrincə, bu xüsusiyyətlər E vitaminini diabetlə əlaqəli koqnitiv pozuntuların qarşısının alınması baxımından perspektivli maddəyə çevirir.

Bununla belə, əldə olunan nəticələr E vitamininin diabet xəstələrində yaddaş zəifləməsinin qarşısını aldığına dair qəti sübut deyil. Onun insanlarda effektivliyini müəyyənləşdirmək üçün əlavə klinik tədqiqatlara ehtiyac var.

Alimlər növbəti mərhələdə E vitamininin hansı formalarının və hansı dozalarının daha təsirli ola biləcəyini araşdırmağı planlaşdırırlar.

Qeyd edək ki, E vitamini əlavələrini həkim məsləhəti olmadan yüksək dozada qəbul etmək tövsiyə edilmir. Xüsusilə qan durulaşdırıcı dərmanlardan istifadə edən şəxslər mümkün riskləri nəzərə almalıdırlar.